Gənclər gününə həsr olunmuş mini futbol yarışı
İsmayıllı Olimpiya İdman Kompleksində Azərbaycan Gəncləri Gününə həsr olunmuş məktəb futbol komandaları arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.
Başlanğıcda İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov çıxış edərək deyib ki, 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O həmişə gənclərə ölkənin inkişafının əsas qüvvəsi kimi baxıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün istiqamətlərdə olduğu kimi, dövlət gənclər siyasətini də yaradıcılıqla davam etdirir. Gənclərimiz dövlətimizin və Prezidentin qayğısı əhatəsindədir. İdmanın inkişafında gənclər həlledici qüvvə kimi çıxış edir. Odur ki, məktəblilərin bu günkü mini futbol birinciliyi də Gənclər gününə həsr edilib.
Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov,məşqçi Anar Həsənov və İsmayıllı Təhsil şöbəsinin əməkdaşı İlham Vahabov da çıxış edərək məktəblilərə uğurlar arzulayıblar. Komandaları qələbəyə ruhlandıran nitqlərdən sonra hakim yarışın başlandığını bildirib.
Yarışda rayonun 12 məktəbinin - şəhər 1 saylı, şəhər 2 saylı, şəhər 3 saylı, şəhər 5 saylı, şəhər 6 saylı, şəhər 7saylı,Talıstan, Cülyan, İvanovka, Hacıhətəmli, Mollaisaqlı, Diyallı kənd tam orta məktəblərinin komandaları iştirak edib. Gərgin keçən yarışın nəticəsi olaraq I yerə Hacıhətəmli, II yerə şəhər 1 saylı və III yerə Diyallı tam orta məktəblərinin komandası layiq görülüb.
Qələbə qazanan hər üç komanda rayon Gənclər və İdman idarəsinin diplomları, hədiyyələri və kuboku ilə ( l yeri tutan komanda) təltif edilib.