Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Kürdmaşı kəndində sakinləri qəbul edib

31 yanvar 2019 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Kürdmaşı kəndi sakinlərini icra nümayəndəliyinin inzibati binasında qəbul edib. İlk olaraq qeyd edilməlidir ki, İsmayıllı-Qaraməryəm, Kürdmaşı-Kəlbənd-Girk asfalt yollarının, “İsmayıllı tərəvəzləri” aqrokompleksinin açılışı, “AZNAR”-ın fəaliyyətinin bu ərazidə genişlənməsi, yeni iş yerləri açması, üzümçülüyün bərpası, inkişafı, qaz, su və enerji təchizatının əsaslı qaydada yaxşılaşması Kürdmaşı İnzibati Ərazi Dairəsində yaşayanların həyat səviyyəsini yüksəldib. Qəbula gələn, hər bir sakinin müraciətinin səmimiliyində, ictimai xarakter daşımasında bu dolğunluğu ilə öz əksini tapmışdı.

İlk olaraq uzun illər təsərrüfatda işləmiş Rafiq Bayramov icra başçısına müraciət edərək bildirib ki, kənd xəstəxanasının binası köhnəlib, həkim məntəqəsinə çevrilib, pediatrdan savayı heç bir ixtisaslı həkim yoxdur. Kürdmaşıya, ətraf kəndlərə də xidmət etməli olan məntəqə bu səbəblərə və eyni zamanda nəqliyyat vasitəsi olmadığına görə funksiyasını yerinə yetirməkdə çətinlik çəkir.

Mirdaməd Sadıqov vəziyyəti yaxşılaşdırmaq üçün əsaslı tədbirlər görülənədək həkim briqadasını kəndə göndərməyi mərkəzi xəstəxananın baş həkiminə tapşırıb.
Sabir Əliyev bankomat qoyulmasını, Varis Cəbiyev uşaq bağçası açılmasını, kənd ağsaqqallar şurasının sədri Yunus Məmmədov elektrik xətlərinin kabelləşdirilməsini və “Kəndinvestisiya” layihəsinin tikdiyi su ambarının istifadəyə verilməsini, Arif Şirvanlı mərkəzi küçənin işıqlandırılmasına və kənddaxili küçələrin düzəldilməsinə yardımçı olmağı, Lətifə Nəbiyeva ev telefonunun təmirini və internetin bərpasını, Ələddin Abdullayev təbii fəlakətdən ziyan çəkmiş kənddaxili körpünün bərpasına köməklik göstərilməsini xahiş edib. İlqar Tağıyev ailəsinin, Ellada Şahpələngova qızının ünvanlı sosial yardıma ehtiyaclı olduğunu bildirib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə aid baş idarələrlə əlaqə saxlayıb, müvafiq xidmət təşkilatlarına, bələdiyyə sədri və icra nümayəndəsinə tapşırıqlar verib.
Qarabağ müharibəsi əlili Qabil Tağıyev bildirib ki, onlara iki pay torpağı verilməli idi. O isə birini alıb. İstəyib ki, bu məsələ öz həllini tapsın. Həm də xahiş edib ki, ehtiyaclı əlil kimi özünəməşğulluq proqramına cəlb olunması üçün məşğulluq mərkəzinə tapşırıq verilsin. Pay torpağı ilə əlaqədar aid dövlət strukturuna müraciət etmək məsləhət bilinib. Özünəməşğulluq proqramına Q.Tağıyevin daxil edilməsi üçün onun qeydiyyata alındığını rayon məşğulluq mərkəzinin direktor əvəzi Qadir Abduləzizov rəsmi olaraq bildirib.
RİH başçısının keçirdiyi qəbulda sakinlərin bariz şəkildə nümayiş etdirdiyi yüksək əhval-ruhiyyə göstərdi ki, insanların həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması problemi ilə məsuliyyətlə məşğul olanda yüksək nəticələri çox gözləmək lazım gəlmir.

Keçidlər