İsmayillida Gənclər Günü təntənəli tədbirlə qeyd olunub
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon gənclər və idman idarəsinin fəal iştirakı ilə şəhər Mədəniyyət Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Günü təntənəli tədbirlə qeyd olunub.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, sonra gənclərin əl işlərindən, yaradıcılıq nümunələrindən təşkil olunmuş sərgiyə baxıblar.
Bayram tədbirində rayonda fəaliyyət göstərən gənclərlə yanaşı İsmayıllı məktəblərinin yetirmələri olan gənclər - “Modern Group” şirkətlər qrupunun baş direktoru Anar Bayramov, “Güvən” klinikasının şöbə müdiri, uzman həkim Fuad Bəşirov, Oğuz rayon Prokurorluğunun müstəntiqi Mətanət Səmədli, 695-700 balla universitetlərə qəbul olunmuş və qızıl medallı tələbələr iştirak ediblər.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bayram iştirakçılarının timsalında rayonun bütün gənclərini Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edib, ölkənin, rayonun inkişafında onlara yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən milli taleyimizi idarə etmək üçün hakimiyyətə gəldikdən sonra pərakəndə halda olan Azərbaycan gəncləri təşkilatlandı, dövlət, region və beynəlxalq layihələrin həyata keçirilməsi üçün onlar səfərbərliyə alındı. Ulu öndər gəncliyi ölkənin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevirdi. Fəxr ediləsi haldır ki, İsmayıllı gəncləri də dövlət gənclər siyasətinin həyata keçirilməsində, cənab Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyyələrinin icrasında fəal mövqe tuturlar.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov 2 Fevral – Azərbaycan gəncləri günü barədə danışıb, İsmayıllı gənclərini Ulu öndərin şərəfli adı ilə bağlı olan bu tarixi gün, bu bayram münasibətilə təbrik edib. Diqqətə çatdırıb ki, İsmayıllı gəncləri dövlət gənclər siyasətinə sadiq olaraq uğurları, sosial-iqtisadi inkişafda fəallığını, təhsildə, informasiya texnologiyalarına yiyələnməkdə, peşə öyrənməkdə, fasiləsiz təhsildə, hərbi vətənpərvərlik tərbiyəsində, intellektual inkişafda, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində nailiyyətləri ardıcıl olaraq artırırlar.
T.Salehov çıxışının sonunda dövlət gənclər siyasətinin həyata keçirilməsində daha fəal iştirak edən bir qrup gəncə Fəxri diplom və hədiyyələri təqdim edib.
Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olmuş bir neçə gəncə üzvlük vəsiqəsi təqdim olunub.
Əməkdar müəllim, təhsil veteranı Şəfaqət Rəsulov gəncləri təbrik edib, Azərbaycan həyatının daha da zənginləşməsində, təhsildə, hərbi vərdişlərə yiyələnməkdə onlara yeni-yeni uğurlar arzulayıb.
2018-ci ilin noyabr ayında keçirilən Gənclər Forumunun iştirakçısı Tacəddin İbadov, gənc müəllim Aytac Ziyadxanlı, YAP rayon təşkilatı gənclər birliyinin sədri Qönçə Ağazadə və başqaları çıxış ediblər.
Məclisin musiqi bəzəyini ənənəvi “Niyal” ansamblı yox, uşaq incəsənət məktəbinin şagirdlərindən təşkil olunmuş bədii kollektiv verib. Gənc musiqiçilərin və ifaçıların təqdimatı kimi qiymətləndirilən incəsənət məktəbinin ansamblı Gənclər Gününə əsil bayram ovqatı gətirib.
İsmayıllı gəncləri onlar üçün yaratdığı zəngin həyata, mənəvi inkişaf şəraitinə görə dövlətə, Prezident İlham Əliyevə minnətdar olaraq əsil bayram sevinci yaşayıblar.