İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Xocalıdan olan məcburi köçkünlərlə görüşüb
İsmayıllı rayonunun Tubukənd, Uştal, Vəng və Kürdmaşı kəndləri ərazisində Xocalıdan məcburi köçkün düşmüş 16 ailəni təmsil edən 54 nəfər soydaşımız müvəqqəti məskunlaşıb. Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov RİH-nin konfrans zalında Xocalıdan olan ailə başçıları ilə görüşüb. Tədbirdə hüquq mühafizə və ədliyyə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin, səhiyyə, enerji, məşğulluq, kommunal, qaz istismarı xidməti sahələrinin rəhbərləri, müvafiq İƏD-lər üzrə nümayəndələr iştirak ediblər.
Görüşü giriş nitqi ilə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb. Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nitqinin davamında Mirdaməd Sadıqov deyib ki, bütün məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, xüsusilə Xocalıdan olanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli qayğısı ilə əhatə olunub. Hələ də müharibə şəraitinin qalmasına baxmayaraq, yüksək sosial-iqtisadi inkişafa çatmış ölkəmizdə məcburi köçkünlərin, şəhid vərəsələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət, məşğulluq, təhsil, intellektual inkişaf və sosial problemləri müvəffəqiyyətlə həll edilir. Hər bir məcburi köçkün, bütövlükdə Azərbaycan xalqı öz xoşbəxt bu gününü, daha firavan gələcəyini cənab Prezidentin rəhbərliyində görür. Bu gün sizinlə birgə bir masa arxasında əyləşib söhbət etməyimiz də möhtərəm Prezidentimizin xalqın xidmətçisi olmaq tapşırığının icrasına məsuliyyətli münasibətin nəticəsidir.
Mirdaməd Sadıqov çıxışının sonunda görüş iştirakçılarına müraciət edib, onları dinləyib.
Tamam Mehrəliyeva qayğıya, ailələrin məşğulluğunun artırılmasındakı köməyə, yeni iş yerlərinə məcburi köçkünlərin qəbuluna və yaradılan yaşayış şəraitinə görə razılığını bildirib. Bəsdi Bəndəliyeva, Lyüdmira Məmmədvəliyeva və Nəsir Quliyev çıxış edib, enerji təchizatı, yol, özünəməşğulluq proqramı və digər məsələlərlə əlaqədar fikirlərini diqqətə çatdırıblar.
Aid xidmət təşkilatlarına və yerli icra nümayəndələrinə xahişlərin icrası ilə əlaqədar RİH-nin başçısı tərəfindən tapşırıqlar verilib.
Görüşdə iştirak edən ailə başçılarına ərzaq yardımı olunub.