Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə İsmayıllıda məskunlaşmış məcburi köçkün gənclərin toplantısı keçirilib

21 fevral 2019 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İsmayıllı nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş məcburi köçkün gənclərin Heydər Əliyev Mərkəzində toplantısı keçirilib. Tədbirdə Ağdam rayon 30 nömrəli tam orta məktəbi, Peşə Tədris Mərkəzi, Humanitar və Texnologiya kolleci fəal iştirak edib.
İştirakçılar əvvəlcə Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxıblar, sonra tədbir dəyirmi masa arxasında davam etdirilib.
Toplantını giriş sözü ilə açan İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyində olmamasından istifadə edən tarixən türk dünyasına düşmən olan ermənilər 1988-ci ildən başlayaraq işğalçılıq siyasətlərini yeritməyə başladılar. Çoxsaylı faciələr, qətllər baş verdi. Nəhayət 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı soyqırımı törədildi. Bu vandalizmdə, qətliamda, soyqırımda  Rusiyanın 366-cı motoatıcı diviziyası ermənilərlə birgə iştirak edirdi. Xocalı faciəsinin ağır nəticələri, gətirdiyi məhrumiyyətlər, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət olması barədə ətraflı danışılacağını nəzərə alaraq demək istəyirəm ki, rayon gənclər və idman idarəsi faciəyə həsr olunmuş müxtəlif mövzulu tədbirlər keçirir. Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində məcburi köçkün gənclərlə bir araya gəlməyimiz yaddaşları daha da möhkəmlədir, vətənpərvərlik hisslərini coşdurur, Vətənin müdafiəsinə hamını səfərbər edir.
Giriş nitqindən sonra Xocalıda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı faciəsini və onun ağır nəticələrini əks etdirən filmə baxılıb.
“Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş cinayətdir” mövzusunda rayon təhsil şöbəsinin əməkdaşı Rəşid Məmmədov məruzə edib.
Ağdam rayon 30 nömrəli tam orta məktəbin direktoru Zahid Namazov, rayon veteranlar şurasının sədri Əlaləm Babayev, Laçından olan müəllimlər Aytən Əliyeva və Qalib Məcnunov, “Dövlətqaçqınkom”un nümayəndəsi Tahir Əliyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşı Röyal Musayev və başqaları çıxış ediblər.
Məcburi köçkün ailələrindən olan şagirdlər – Aytac Qurbanlı və Elgün Quliyev Xocalıya, Qarabağa həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov sonda çıxış edərək deyib ki, bu kimi tədbirlərin keçirilməsini rayon icra hakimiyyəti təqdir edir, bəyənir və müntəzəm xarakter almasını istəyir. Məcburi köçkün gənclərin yaşlı ictimaiyyət nümayəndələri ilə bir araya gəlməsi, bu əsasda baş verən hadisələri bir daha yaddaşlarda möhkəmləndirilməsi vətənpərvərlik tərbiyəsinin əsas yollarından biri hesab olunur.
Bunla da məcburi köçkün gənclərin rayon toplantısı başa çatıb.

Keçidlər