İsmayıllıda Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram tədbiri keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti şəhər Mədəniyyət Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş təntənəli tədbir keçirib. Çay süfrəsi arxasında bayramlarını qeyd etmək üçün tədbirə şəhid ailələrinin, təhsil və səhiyyə sistemində, dövlət qulluğunda və mədəniyyət sahəsində, ictimai işlərdə çalışanların nümayəndələri gəlmişdilər.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev bayram şənliyini giriş nitqi ilə açaraq tədbirə gələnlərin timsalında bütün Azərbaycan xanımlarını təbrik edib. Qeyd edib ki, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse prezident Mehriban xanım Əliyevanın Azərbaycan xanımlığının beynəlxalq miqyasda tanıdılmasında, ölkə qadınlarının həyatına yönəlik sosial siyasətin yüksək səviyyədə həyata keçirilməsində xüsusi xidmətləri vardır. Razılıqla qeyd edirəm ki, İsmayıllı qadınları da dövlət sosial-iqtisadi siyasətinin icrasında fəallıq göstərirlər.
Daha sonra qadınları Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov, Mərkəzi Xəstəxananın baş həkimi Aydın Əsədov, Ailə və Uşaqlara Dəstək mərkəzinin direktoru Lətifə Əliyeva, Dövlət İdarələri və İctimai Təşkilat İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Əbülfət Yarıyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Gülər Səlimli iştirakçı xanımları təbrik ediblər.
Tədbirə gələn bütün xanımlara qızıl güllər və hədiyyələr təqdim olunub.
Qadınlara həsr olunmuş şeirlər söylənib, mahnılar səslənib.
Mədəniyyət Mərkəzinin bədii kollektivi tədbirə maraqlı və məzmunlu musiqi tərtibatı verib.