Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının şəhər ərazisində qəbulu

18 mart 2019 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun şəhər ərazisində keçirdiyi növbəti görüş-qəbul üçün məkan Heydər Əliyev prospektindəki “İcma evi” seçilmişdi.
Görüş-qəbulu giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov əvvəlcə iştirakçıları salamlayıb, onları Novruz bayramı münasibətilə təbrik edib. Daha sonra qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın 2018-ci ilin avqust ayında İsmayıllıya səfər etmələri rayonun hərtərəfli inkişafına, yüksəlişinə yeni sürət gətirmişdir. Biz səfər zamanı verilən tapşırıq və göstərişlər, səfərdən sonra rayonumuzla bağlı imzalanan sərəncamlar əsasında fəaliyyət  proqramı hazırlamış, icrasını əsasən yeni iş yerlərinin açılmasına və insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına yönəltmişik.
Rayon icra hakimiyyətinin başçısı həyata keçiriləcək layihələr, görüləcək cari və perspektiv işlər barədə də ətraflı məlumat verib və tədbirin davamı olaraq iştirakçıları dinləyib. Sakinlər ilk növbədə şəhər ərazisində görülən işlərdən razılıqla danışıb və bəzi həlli vacib məsələlərə də diqqəti cəlb ediblər. Xahiş ediblər ki, Heydər Əliyev prospekti 105 nömrəli ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının isitmə sistemi bərpa olunsun, 3 ictimai yaşayış binasının olduğu bu ərazidə piyadalar üçün keçid düzəldilsin, yolların asfaltlanmasına başlanan zaman Qasım Əsədov küçəsi də diqqətdə saxlansın, Ruslan Bədəlov küçəsindəki keçmiş çay yatağında tullantı yerinin ləğv olunaraq yaşıllıq salınmasına dəstək verilsin, tikilənlərin, qurulanların, salınan yeni parkların, yaşıllıqların, çəmənliklərin qorunmasına hamı diqqətlə yanaşsın, Nizami Gəncəvi küçəsindəki pivə istehsalı müəssisəsi havanın çirkləndirilməsinə son qoysun.
Bu və digər məsələlərlə bağlı RİH-nin başçısı Mirdaməd Sadıqov  şəhər İƏD üzrə nümayəndə Məhərrəm Əhmədova, İsmayıllı bələdiyyəsinin sədri Pərviz Ağayevə, kommunal müəssisələri kombinatının direktoru Vidadi Məmmədova, Su-kanal idarəsinin rəisi İsmayıl Tarıverdiyevə və digər aid məsul işçilərə icra üçün tapşırıqlar verib.

Keçidlər