Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Novruz bayramı qeyd olunub.

19 mart 2019 | 16:00

Qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərləri sırasında Novruz bayramı özünəməxsus yer tutur.  Gözəllik, nur, işıq, bərəkət rəmzi olan Novruz bayramı Azərbaycanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunur.
           Martın 19-u ismayıllılar üçün də əsl milli bayram təntənəsinə çevrilib. Təbiətin şıltaqlığına baxmayaraq, rayon sakinləri öz milli bayramlarını qeyd etmək fürsəti əldə ediblər. Bayram təntənəsi üçün Heydər Əliyev adına Mədəniyyət Mərkəzi məkan seçilib. Mərkəzin foyesi,iclas zalı milli bayram ruhunda bəzədilib. Bayram xonçaları, kənd təsərrüfatı, sənaye məhsulları, əl işləri və səməni sərgisindən ibarət təqdimatlar bayram şənliyinə toplaşanlara xüsusi zövq verib. Elə foyedə folklor qrupları çıxış edib.
        RİH-nin başçısı cənab Mirdaməd Sadıqov,rəhbər işçilər, ictimaiyyətin nümayəndələri təşkil olunmuş sərgiyə baxıblar. Xalqımızın yaradıcı düşüncə tərzi bu sərgilərdə əks olunub.
        Novruz şənliyi Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilib. RİH-nin başçısı, professor Mirdaməd Sadıqov baharın gəlişi münasibəti ilə İsmayıllı sakinlərini təbrik edib, xalqımıza xoş günlər, firəvan həyat, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmək arzularını ifadə edib.
       Şux bayram rəqsləri, folklor qruplarının, Kosa və Keçəlin çıxışları, mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
        Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsimi obrazının səhnəyə gəlişi xüsusi maraq doğurub.  Nəsiminin həyatsevərliyi,əqidəsindən dönməmək əzmi,yüksək mübarizə  ruhu bu təqdimatda yüksək səviyyədə əks olunub,bahar şənliyinə xüusi rəng qatıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsinin şairin xatirəsinə ehtiram əlaməti olduğu vurğulanıb.         Prezidentin milli adət-ənənələrimizə, mədəniyyətimizə, sözə, yaradıcılığa, ədəbiyyata verdiyi dəyərin növbəti nümunəsi olduğu diqqətə çatdırılıb.
       Tədbir axşam “İlaxır Torpaq çərşənbəsi”nin bayram tonqalı ətrafında qeyd olunması ilə davam etdirilib.  İsmayıllıda bu ilki Novruz şənliyi başqa bir ovqatda, başqa ruhda ictimaiyyətə çatdırılıb.

Keçidlər