31 MART Soyqırım qurbanları anılıb
Azərbaycanlıların soyqırımının ildönümü ilə əlaqədar 29-30 mart 2019-cu il tarixlərdə rayonun Tircan, Hacıhətəmli, Talıstan, Kürdmaşı kəndlərində anım mərasimləri və Rayon Mədəniyyət müəssələrinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Mart soyqırımı - Bəşəriyyət sussa da faktlar susmur” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirlərdə Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Şöbəsi, İƏD üzrə nümayəndəliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edənlər 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı cinayətlərindən 101 il keçdiyini və ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımın nəticəsinin yalniz minlərlə insan ölümüylə deyil, həm də bu soyqırımın tarixi abidələrimizə, mədəniyyətimizə, milli-dini dəyərlərimizə qarşı yönəldiyini qeyd ediblər.
Çıxış edənlər bildiriblər ki, Bakı qubernyasında başlanan kütləvi qətillər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Yüz minlərlə azərbaycanlı erməni şovinistlərinin vəhşilik əməllərinin qurbanı olmuşdur. Təkcə 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni mütəşəkkil silahlı dəstələri 50 mindən çox azərbaycanlı qətlə yetirmişlər. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və talan edilmiş, dinc əhaliyə qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir.
Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıtılımış, əhalisini məhv etmişlər.
Tədbirdə qeyd olundu ki, soyqırıma İsmayıllı rayonunun kəndləri də, məruz qalmışdır. Sulut, Qıcatan, Mücü, Xankəndi, Zeyvə, Bizlan, Tircan, Hacıhətəmli, Talıstan, Kürdmaşı kəndlərində minlərlə insan soyqırımın qurbanı olmuş, kəndlər dağıdılmışdır.
Azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarından olduğu diqqətə çatdırılıb.
Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqrımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib” və 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğu iştiraşçıların diqqətinə çatdırılıb.