Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib.

05 aprel 2019 | 16:00

Dörd günlük müharibə kimi tarixə düşən Aprel döyüşlərindən üç il keçib. Lakin o günlərin qəhrəmanlıq salnaməsi  hər gün xatırlanır, yaddaşlarda möhkəmlənir.
               2016-cı il aprelin 2-dən 5-nə kimi davam edən  bu döyüşlərdə Azərbaycan Ordusunun bölmələri əks-həmlə ilə erməni işğalçılarının təxribatlarının qarşısını alıb, vətən oğulları misilsiz qəhrəmanlıq nümunələri göstəriblər.
                Aprelin 4-də rayonda Aprel döyüşlərinin 3-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. 400 nəfərə yaxın insanı əhatə edən tədbir Heydər Əliyev adına parkda yerləşən Uşaq Gənclər İnkişaf Mərkəzinin iclas zalında keçirilib.
               Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Millət Vəkili  Novruz Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, Qarabağ qaziləri, ağsaqqallar, gənclər, tələbə və şagirdlər iştirak ediblər.
                Aprel döyüşlərinin mahiyyət və xarakteri barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İsmayıllı rayon şöbəsinin rəisi,polkovnik-leytenant Xamis Bədəlov məruzə edib.
                Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək ermənilərin tarixən türk xalqına,azərbaycanlılara qarşı soyqırımı və torpaq iddiaları apardıqlarını qeyd edib. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı qətiyyətli və uğurlu siyasət, güclü Ordumuz sayəsində işğala məruz qalmış torpaqlarımızın tezliklə azad olacağına əminliyini ifadə edib. Vətən yolunda şəhid olanlara Allahdan rəhmət diləyib,Aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadə kimi oğulların daima qəlblərdə yaşayacağını diqqətə çatdırıb.
               Millət Vəkili Novruz Aslanov Aprel döyüşlərini böyük qələbəmizin başlanğıcı kimi dəyərləndirib. Milli Ordumuzun  dünyada güclü ordular sırasında olduğunu vurğulayıb. Azərbaycan Respublikası Prezidentinin güclü siyasəti qarşısında ermənilərin duruş gətirə bilməyəcəyini deyib.
               Tədbirdə “Azərbaycan bayrağı” ordenli, ehtiyatda olan polkovnik-leytenant Eynulla Bağırov, QMƏVŞA İctimai Birliyi rayon şöbəsinin  sədri Vidadi Zərbiyev,şəhid ailələri adından Aybəniz Mürsəlova, şəhid Mikayıl Vahabzadənin dayısı Taleh Şəfiyev, Aprel döyüşlərinin iştirakçısı Sərxan Aydınzadə, İnşa yazı müsabiqəsinin qalibi, Tircan kənd tam orta məktəbinin X sinif şagirdi Pakizə Abdulova çıxış edərək Zəfər döyüşlərinin Böyük Qələbəyə gedən yolun başlanğıcı olduğunu, torpaqlarımızın tezliklə azad ediləcəyini bildiriblər.
            Səhnədə quraşdırılmış Lələtəpənin simvolu, hərbi geyimli şagirdlərin Azərbaycan Bayrağını səhnəyə gətirməsi, məktəbli-gənclərin söylədikləri mübarizə ruhlu şeirlər, ifa olunan vətənpərvərlik mahnıları tədbirə mübarizə ruhu, qələbə əzmi gətirib.
         Aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin həyat və döyüş yolunu əks etdirən sərgiyə baxılıb.
          Aparıcı, Mikayıl Vahabzadəyə həsr olunmuş kitabın müəllifi Lətifə Əliyeva tədbirə vətənpərvərlik, mübarizlik, qələbə uğrunda döyüş ruhu gətirib.

Keçidlər