Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Aprel zəfəri” parkı salınır

06 aprel 2019 | 16:00

Azərbaycan ordusu 2016-cı ilin aprel ayında Qələbə əzmində olduğunu, döyüş qüdrətini, işğalçıya layiqli cavab verməyə qadirliyini, cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın azad ediləcəyini tamamilə sübuta yetirdi. 2-5 aprel günlərində Lələtəpənin alınması ilə Böyük Qələbəyə gedən yolun, Cocuq Mərcanlıda sakinlərin yenidən məskunlaşması ilə Qarabağa qayıdışın əsası qoyuldu. Qəhrəmanlıqla Aprel zəfər döyüşlərində iştirak edən neçə-neçə vətən övladı şəhid oldu, yaralandı. Şəhid ailələrinə və qazilərə hər bir yerdə dövlət qayğısı göstərilir.
Bu vacib qayğı istiqamətini həmişə diqqətdə saxlayan İsmayıllı Rayon İcra Hakimiyyəti şəhərin yuxarı hissəsində - 15-ci kvartaldakı Koroğlu küçəsi istiqamətində - 5 hektarlıq sahədə Aprel döyüşlərinə həsr olunmuş “Zəfər parkı” salmağı qərara alıb. Artıq burada geniş miqyaslı işlər başlanıb. Ərazi hamarlanıb, ağac əkini üçün yararlı hala salınıb, ətraf təmizlənib, abadlaşdırılıb.
Aprelin 6-da keçirilən kütləvi  iməcilik zamanı burada 2 mindən çox küknar, şam, cökə, akasiya, göyrüş, ağcaqayın ağacları əkilib.
Kommunal müəssisələri kombinatının, rayon gənclər və idman idarəsinin, 7 saylı yol yaşıllaşdırma sahəsinin, ərazi ekologiya və təbii sərvətlər şöbəsinin, Meşələrin bərpası və mühafizəsi idarəsinin, İsmayıllı bələdiyyəsinin işçiləri, İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin, Peşə Tədris Mərkəzinin müəllim və tələbələri parkın salınmasında məmnunluq və fəallıqla iştirak ediblər.
Yeni başlanan iş davam etdiriləcək. Burada Aprel zəfəri barədə məlumatı əks etdirən xatirə lövhəsi ucaldılacaq. Şəhid Mikayıl Vahabzadəyə  həsr olunmuş güşə yaradılacaq. Qardaşlaşmış şəhərlərin nümayəndə heyətləri İsmayıllıya gəldikdə “Zəfər parkı”na gələcək, ağac əkəcəklər.
Yeni park gələcək Qələbəmizə istiqamətli səviyyədə tərtib olunacaqdır.

Keçidlər