Özbək qonaqlar İsmayıllıda
Özbəkistan Respublikası Fərqanə Vilayətinin Riştan şəhərinin nümayəndə heyəti İsmayıllıya gəlib. Riştan və İsmayıllının qardaşlaşması istiqamətində bu səfər bölgəmizin nümayəndələrinin bir müddət bundan əvvəl Riştana etdiyi səfərə cavab olaraq həyata keçirilib.
22 aprel 2019-cu il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov RİH-in konfrans zalında özbək qonaqları qəbul edib. 11 nəfərdən ibarət olan nümayəndə heyətini ürəkdən salamlayan Mirdaməd Sadıqov Azərbaycanın, o cümlədən İsmayıllının sürətli inkişafından, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsindən, rayonun beynəlxalq münasibətlərinin genişləndirilməsindən danışıb.
Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 15 il müddətində ölkənin dinamik və hərtərəfli yüksəlişi təmin edilmiş, regional sosial-iqtisadi inkişaf siyasəti uğurla həyata keçirilmişdir. Ölkələr arasında ikitərəfli əlaqələrin formalaşması inkişafın hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu gün də biz dini, dili, soykökü bir olan özbək qardaşlarımızla görüşürük. Qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalayacağıq. Bu da hər iki tərəfin iqtisadi, sosial və mənəvi inkişafı üçün yeni stimul olacaqdır.
Nümayəndə heyətinin rəhbəri, Fərqanə Rayon Hökümətinin Mətbuat Mərkəzinin rəhbəri Abdusalom Siddikov səmimi qəbul üçün təşəkkürünü bildirib, Azərbaycanda, İsmayıllıda olmaqlarından fərəh duyduğunu deyib, birgə səfər etdiyi təmsilçilərlə iştirakçıları tanış edib. İsmayıllı ilə Riştanın qardaşlaşmasının hər iki tərəfə böyük səmərə verəcəyini yəqinliklə diqqətə çatdırıb. Ümidvar olduğunu bildirib ki, bu qardaşlıq, dostluq əlaqələrinə əsaslanan işgüzar səfərlər müntəzəm xarakter alacaq, İsmayıllının və Riştanın inkişafında əhəmiyyətli rol oynayacaqdır.
İsmayıllı ilə Riştan şəhəri arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.
Hər iki şəhərin etnoqrafiyasını, xalq sənətkarlığını əks etdirən hədiyyələr qarşılıqlı olaraq təqdim olunub. Nümayəndə heyətinin tərkibində olan xanımlara Basqal kəlağayısı hədiyyə edilib.
Qəbuldan sonra Heydər Əliyev Mərkəzində bir qrup ziyalı ilə qonaqların görüşü olub, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri ilə dəyirmi masa arxasında söhbət keçirilib. Bundan sonra qonaqlar Heydər Əliyev prospektində “Qala divarları” qarşısındakı dostluq bağında ağac əkiblər.
Özbək qonaqlar bir neçə gün İsmayıllıda qalacaq, onun sosial-iqtisadi inkişafı, coğrafiyası, tarixi və bu günü, milli-etnik tərkibi, xalq sənətkarlığı, şəhərsalma mədəniyyəti, aqrar istehsal səviyyəsi ilə tanış olacaqlar.