“Basqal” Dövlət Tarix – Mədəniyyət qoruğunun inkişaf konsepsiyası layihəsi təqdim olunub
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 03 oktyabr 2018-ci il tarixli Sərəncamının tələblərinə uyğun olaraq Dövlət Turizm Agentliyi “Basqal” Dövlət Tarix-Mədəniyyət qoruğunun inkişaf konsepsiyası layihəsini hazırlayıb. İsmayıllı şəhər Mədəniyyət Mərkəzində Respublikanın müxtəlif guşələrində yaşayan basqallıların da iştirak etdiyi geniş tərkibli tədbirdə layihənin təqdimatı olub.
Təqdimat mərasiminin başlanğıcında çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Basqala Beynəlxalq Status gətirəcək Sərəncama görə ölkə rəhbərinə minnətdarlığını bildirib, Dövlət Turizm agentliyinə basqalın inkişaf konsepsiyası layihəsini vaxtında, bütün tarixi və müasir aspektləri nəzərə alaraq hazırladığı üçün təşəkkürünü bildirib.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edərək deyib ki, təqdim olunan layihədə cənab Prezident İlham Əliyevin tarixi keçmişimizə, bu günümüzə, milli-mənəvi, maddi, qeyri-maddi irsimizə verdiyi qiymət əsas götürülərək göstəriş və tapşırıqları mütləq nəzərə alınıb. Konsepsiya - layihədə Basqalın qədim hissəsinin, bazar meydanının, tarixi abidələrin, daha çox birinci mərtəbəsində sənətkarlığın bərpası mümkün olacaq evlərin, bulaqların, kürəbəndin, küçələrin, hasarların bərpası nəzərdə tutulur. Turizmin inkişafı ilə bağlı ətraf 10 kənd də layihədə Basqalla birgə götürülür. Həmin kəndlərə yolların çəkilməsi ilkin tədbirlər sırasındadır. Layihədə əhalinin məşğulluğunun təmin edilməsi, ailələrin gəlirinin artırılması, iş yerlərinin açılması, xalq sənətkarlığının (kəlağayi toxuculuğu) bərpası əsas məqsəd kimi qarşıda durur.
Agentliyin Qoruqların idarəetmə mərkəzinin direktoru Azadə Hüseynova sədrin dediklərini də nəzərə almaqla layihənin, yeni yaradılacaq infrastrukturun bütün istiqamətlərini monitorda nümayiş etdirməklə elmi, praktiki təhlilini verib.
Əslən Basqaldan olan Millət Vəkili Novruz Aslanov Prezident İlham Əliyevə bu ölçüyəgəlməz qayğıya görə minnətdarlığını bildirərək sevincini mərasim iştirakçıları ilə bölüşüb. İsmayıllı bölgəsinin tarixi siması olan Lahıc və Basqal qəsəbələrinə dövlət başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğı ilə yanaşmasını milli-mənəvi, qeyri maddi-mədəni irsə, xalqımızın tarixi keçmişinə, zəngin etnoqrafiyasına, şəhərsalma mədəniyyətinə verdikləri ən yüksək qiymət olduğunu bildirib.
Basqalın sabahına daha çox sevinən ağsaqqal Abduləhəd Tağıyev, jurnalist Nadir Şəfiyev, Basqal İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Novruz Əsədov çıxış edib, unikal Basqala unikal dəyər verən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Dövlət Turizm Agentliyinin nümayəndələri təqdimat mərasimindən sonra Basqala gediblər.