İsmayıllıda Qələbənin 74-cü ildönümü qeyd edilib
Tarixi düşmənlərimiz olan ermənilərə qalib gəlməyə hazırlaşan ölkəmiz alman faşizmi üzərində Qələbənin 74-cü ildönümünü əsil bayram səviyyəsində qeyd edib. İsmayıllı rayonu da rayon icra hakimiyyətinin keçirdiyi kütləvi gəlişli bayram tədbiri ilə Qələbə sevincini yenidən yaşayıb. İkinci Dünya müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə Heydər Əliyev prospektinin başlanğıcında ucaldılmış abidə əklillər və gül dəstələri ilə ziyarət edilib.
Ziyarətçilər qarşısında çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirakçıları Qələbə bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, veteranlarımıza can sağlığı, davamlı ömür arzulayıb. Daha sonra deyib ki, ümummilli liderimiz Heydər Əliyev müharibə veteranlarını xalqımızın Qızıl fondu adlandırıb. Onların həyatı üçün hərtərəfli təminat yaradıb. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev İkinci Dünya müharibəsi veteranlarına Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə hərtərəfli qayğı göstərir. Müharibə veteranlarına onların dul arvadlarına, arxa cəbhədə rəşadətli əmək nümunəsi göstərmiş vətəndaşlara verilən müavinətin hər il artırılması, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə Prezident təqaüdlərinin verilməsi, dövlətin və Prezidentin əsil qayğısının təzahürüdür. Belə münasibət Azərbaycanı Böyük Qələbəyə yaxınlaşdırır. Uzaq deyil o gün ki, cənab Prezidentin Ali Baş Komandanlığı ilə arzuladığımız Qələbənin ümumxalq sevincini yaşayacağıq.