Xeyr-şər evi açıldı
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllıya gəlişinin ilk günlərində xeyr –şər evlərinin layihəsini təqdim etdi və bu evlərin tezliklə tikilib istifadəyə veriləcəyini bildirdi.
Əhaliyə Prezident və dövlət qayğısının yeni bir təzahürü olan mərasimlər evi ulu öndər Heydər Əliyevin adını daşıdığı prospektdə beşmərtəbəli binanın həyətində tikilib başa çatdırılıb.
Avqust ayının 4-də Xeyr-şər evinin açılışı oldu. Ətrafda yaşayan sakinlər, din xadimləri, müharibə və əmək veteranları, ziyalılar, ictimai fəallığı ilə seçilən qadınlar, inşaatçılar açılışda iştirak etdilər.
Mirdaməd müəllim bu münasibətlə şəhər sakinlərini təbrik etdi, “xeyirli olsun” dedi. Bildirdi ki, insanlar bundan sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha xoşbəxt həyat yaşayacaqlar, dövlətimiz hər bir məsələnin həllində vətəndaşının yanında olub və olacaqdır.
Azərbaycan Respulikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə tikilən mərasimlər evi şəhər sakinlərinə bundan sonra böyük xeyr verəcək. Ailələr artıq xərcdən azad olacaqlar. Hər kəs ixtiyarlı olacaq ki, ailəsinə aid mərasimi burada keçirsin.
İştirakçılar ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildirdilər. Açılışdan sonra ilk xeyir məclisi keçirildi-iftar süfrəsi açıldı.
Allah rizası üçün açılan süfrə arxasında əyləşən din xadimləri ümummilli liderin, şəhidlərin ruhuna, torpaqlarımızın bütövlüyü naminə dualar etdilər. Xeyirxah işi görənlərin dünyadan köçmüşlərinə rəhmət dilədilər.
İftar süfrəsinin iştirakçıları fəxr etdilər ,qürur duydular ki, Azərbaycan kimi bir ölkənin vətəndaşıdırlar. Azərbaycanın mirvarisi olan İsmayıllının sakinləridirlər.