“Müasir dövlət idarəçiliyinin təşkilati əsasları: 15 il innovativ inkişaf yollarında” mövzusunda seminar
Mayın 14-də İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün növbəti səyyar seminar keçirilib. Seminarı giriş nitqi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Azərbaycan Respublikası müstəqilliyini yalnız 28 il öncə bərpa etməsinə baxmayaraq, qısa dönəmdə inklüziv və davamlı inkişaf siyasətini reallaşdırmağa müvəffəq olub. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktın aşkar təsdiqidir. Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə texnologiyalarının nəzəri əsaslarının işlənilməsi, onların təcrübədə tətbiqi nəticəsində bir sıra iqtisadi və sosial göstəricilərinə görə, müasir Azərbaycan Respublikası hazırda yüz illik tarixi olan və dünya liderləri sayılan ölkələrlə rəqabət aparmaq durumundadır. Texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi rolu olduğu məruzədə diqqətə çatdırılıb.
Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov “Dünyada və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycan Respublikasının töhfəsi” mövzusunda məruzəsində müstəqil dövlət olaraq hər bir ölkənin dünya birliyində tutduğu mövqe və qazandığı nüfuzun onun beynəlxalq, regional və milli səviyyələrdə reallaşdırdığı təhlükəsizlik siyasətinin çevikliyindən və səmərəliliyindən asılı olduğuna diqqət çəkib.
“Dövlət qulluğunda innovasiyaların yeni mərhələsi” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimli innovasiyaların dövlət sektorunda tətbiq olunmasının əsas məqsədləri və dövlət qulluğunda innovasiyaların tətbiqinin onun inkişafı strategiyası ilə bağlılığı haqqında geniş məlumat verib.
Seminarın yekununda iştirakçıların sualları cavablandırılıb.
Sonda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dəyərli və çox gərəkli mövzuda seminar keçirdikləri, idarəetmənin müasir dövrünün müxtəlif istiqamətlərini özündə əks etdirən çıxışlara görə qonaqlara təşəkkürünü bildirib.