İsmayıllı Rayon İcra hakimiyyətində qərargah yaradılıb
20 may 2019-cu il tarixdə saat 00-dan başlayaraq 2 saat müddətində güclü yağışla müşaiyət olunan qasırğa olub. Fövqəladə hal səviyyəsində olan təbiət hadisəsi ciddi fəsadlar törədib. Daha çox ziyan elektrik təsərrüfatına dəyib. 87 yaşayış məntəqəsi enerjisiz qalıb. Xankəndi zonasında 10min kilovoltluq xətt qırılıb və telefon xətlərini də sıradan çıxarıb. 60 faizə qədər yaşayış məntəqəsi ilə telefon əlaqəsi kəsilib. Kürdmaşı, İvanovka kəndləri və şəhərətrafı ərazilərdə taxıl, xüsusilə arpa əkinləri ziyana məruz qalıb. Bir neçə yerdə ağaclar aşıb. Dövlət və özəl əmlaka elə bir ciddi ziyan dəyməyib. Xəsarət alan yoxdur.
Qasırğanın vurduğu ziyanı aradan qaldırmaq məqsədilə İsmayıllı RİH-də rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun sədrliyi ilə qərargah yaradılıb. Bütün aid strukturların nümayəndələrinin cəlb olunduğu qəraragahın ilk iclası keçirilib və fövqəladə hala uyğun tədbirlər müəyyənləşdirilib. Enerji təchizatının bərpası üçün fəal iş görülür, yerlərdə izahat işləri aparılır. Əhali arasında heç bir narahatlıq müşahidə olunmur.