İsmayıllıda Dövlət qulluqçularının peşə bayramı qeyd olunub
Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq həm şərəfli, həm də məsuliyyətlidir. Bunu dərindən dərk edən İsmayıllı Dövlət qulluqçuları öz peşə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. İsmayıllıda çalışan Dövlət qulluqçularının sayı 294 nəfəri təşkil edir.
Cənab Prezidentin müvafiq Sərəncamı ilə təsis olunmuş bu peşə bayramı ölkə rəhbərinin dövlət qulluqçularına qayğı və diqqətinin, onların şərəfli və çətin əməyinə verdiyi qiymətin yüksək təzahürüdür.
İsmayıllının Dövlət qulluqçuları öz peşə bayramlarını “Qala” şadlıq sarayında qeyd ediblər. 250 nəfərdən çox dövlət qulluqçusunun iştirak etdiyi tədbiri RİH-nin başçısı, professor Mirdaməd Sadıqov açıb, rayonun dövlət qulluqçularını təbrik edib, ölkədə dövlət idarəetmə sisteminin əsaslı şəkildə təkmilləşdirildiyini diqqətə çatdırıb.
Dövlət qulluğu veteranı Gözəl Osmanova,Dövlət qulluğuna yeni başlamış RGİİ-nin aparıcı məsləhətçisi Fərhad Qurbanov, SHXÇDX İsmayıllı rayon şöbəsinin rəisi Xamis Bədəlov, Əməkdar müəllim Şəfaqət Rəsulov, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov və başqaları çıxış edərək Dövlət qulluqçularını bayramları münasibəti ilə təbrik ediblər.
Regional Mədəniyyət İdarəsi İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı tədbirə xüsusi ovqat qatıb. “Niyal” instrumental ansamblının solistləri Sahibə Abdullayevanın, Rövşən Teyyubovun, Bəhruz Həşimovun, rayon incəsənət məktəbinin rəqs qrupu üzvünün, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamuradın ifa etdikləri mahnı və rəqslər alqışlarla qarşılanıb.
Sonda bir qrup Dövlət qulluqçusuna RİH başçısının Sərəncamı ilə ixtisas dərəcələri və Fəxri Fərmanlar verilib.