İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Minkə kənd sakinləri ilə görüşüb
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqəti, qayğısı və sərəncamları əsasında son 6-7 ildə daha sürətlə inkişaf edən İsmayıllının hər bir yaşayış məntəqəsi bu sürətə inamla qoşulur. Keyvəndi kənd İnzibati Ərazi Dairəsinə daxil olan Pirəbilqasım, Minkə, Şəbiyan, Bəhliyan və Bilistan kəndlərində bu hal aydınlığı ilə diqqəti cəlb edir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Minkə kənd sakinləri ilə keçirdiyi görüş-qəbulda bunlardan ətraflı danışılıb.
Minkə ümumi orta məktəbin binasında keçirilən görüş-qəbulu giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov deyib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin səfərləri, rayonumuzla bağlı qəbul etdiyi sərəncamlar sürətli və geniş miqyaslı inkişafın stimuluna, hərəkətverici qüvvəsinə, illərə hesablanmış bazasına çevrilib. 2018-ci ilin avqust ayında ölkə rəhbəri Minkəyə yaxın ərazidə tikilmiş “Azza-Aqro” şirkətinin 1000 başlıq olacaq heyvandarlıq kompleksinin açılışını edib. Minkə, Keyvəndi, Bəhliyan, Şəbiyan kəndlərinə asfalt yol çəkilib. Bu il ucqar Bilistan kəndi də o sıraya daxil olacaq.
Rayon icra hakimiyyətinin başçısı bunlarla yanaşı problemlərdən də danışıb, təsərrüfatçılıqla bağlı məsləhətlərini verib.
Hüquq mühafizə orqanları və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi tədbirdə sözü, təklifi, xahişi, şikayəti olan hər bir sakin dinlənilib. Zəlzələdən ziyan çəkən evlərinin yenidən tikilməsi və əsaslı təmir olunmasına imkan yaratdığı üçün sakinlər Azərbaycan Prezidentinə minnətdarlıq ediblər. İştirakçılar rayon icra hakimiyyəti rəhbərliyinin işindən razı qaldıqlarını bildiriblər.
Həm də xahiş ediblər ki, kənddə məktəb binası tikilsin, imkan yarananda kəndarası yolların təmirinə baxılsın, özünəməşğulluq proqramının mahiyyəti barədə maarifləndirmə xarakterli söhbətlər aparılsın, enerji təchizatı yaxşıdır, lakin cari təmir işlərinə imkan daxilində diqqət yetirilsin.
Hüquqla bağlı bir iki məsələ də diqqətə çatdırılıb və obyektiv qaydada cavablandırılıb.
Hər bir məsələ icraçılara konkret tapşırıq səviyyəsində və icra müddəti müəyyən etməklə çatdırılıb.
Görüş-qəbulun sonunda bir daha vətəndaş məmnunluğunun yaranması hamının diqqətini cəlb edib.