Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Peşə Tədris Mərkəzində “Məzun günü” keçirilib

28 iyun 2019 | 16:00

Təlim, tədris və peşə öyrədilməsinin təşkili ilə regionda fərqlənən İsmayıllı Peşə Tədris Mərkəzi müxtəlif ixtisaslar üzrə tədrisi başa çatdıran 172 nəfər şagirdin şərəfinə “Məzun günü” keçirib.
Mərkəzin kafesində təşkil olunan şənliyi giriş sözü ilə açan direktor Zaur Muradov bütün öyrədilən peşələr üzrə təchizatı yüksək səviyyədə olan peşə tədris mərkəzinin uğurlarından, təlim və tədris keyfiyyəti ilə daha çox diqqəti cəlb etməsindən, məzunların işlə təminatında rayon məşğulluq mərkəzinin fəal iştirakından, rayon icra hakimiyyətinin peşə öyrədən müəssisəyə yaxından və hərtərəfli köməyindən danışıb. Əmək haqlarının artırılması barədə cənab Prezidentin Sərəncamına görə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin adından ölkə başçısına dərin minnətdarlığını bildirib.
Rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Sevil Əhmədova çıxış edərək deyib ki, Peşə Tədris Mərkəzinin fəaliyyəti həm əhalini, həm də rayon rəhbərliyini razı salır. Çox məsələlərdə, tədbirlərdə peşə tədris mərkəzinə əsaslanırıq. Onun kadr hazırlığı işini peşəkar səviyyədə görürük.
Məzunları təbrik etməklə, müəllimlərə uğurlar arzulamaqla Sevil Əhmədova çıxışını yekunlaşdırıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili Dövlət Agentliyinin nümayəndəsi Zamin Bədirxanov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Yuliya Bajenova, rayon təhsil şöbəsi müdirinin müavini Rahim Baxışov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov, dövlət qulluğu veteranı Valeh Salehov və başqaları çıxış ediblər. Müxtəlif təşkilatlar tərəfindən fərqlənən müəllimlər, təlim ustaları və şagirdlər mükafatlandırılıb. Məktəbin musiqi kollektivi “Məzun günü”nə əsil bayram əhval-ruhiyyəsi gətirib.

Keçidlər