İsmayıllı RİH başçısı yanında Şura mühüm məsələləri müzakirə edib
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarında mühüm məsələlər müzakirə olunur, qəbul olunan qərarlar məsul hüquqi və fiziki şəxs, konkret vaxt müəyyənləşdirilərək icraya yönəldilir.
Növbəti Şura iclasında çox vacib – “Taxıl biçini və ot tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirləri haqqında” məsələ müzakirə olunub.
Gündəlikdə duran məsələni İsmayıllı Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov Şura iclasının müzakirəsinə təqdim edib. Bildirib ki, mövcud qaydalara və təlimata riayət edildiyi üçün biçin və ot tədarükü zamanı ciddi yanğın hadisəsi baş verməyib. Lakin Qubaxəlilli ərazisində fermerlərin səhlənkarlığı üzündən 32 hektar biçilmiş sahə yanıb. Aqrar inkişaf mərkəzi biçinin gedişinə ciddi nəzarət edir, hər hansı bir fövqəladə hadisənin baş verməməsi üçün bütün resursları işə salır.
İsmayıllı Rayon Polis şöbəsinin rəisi polis polkovniki Şəmşir Kazımov çıxış edərək deyib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmrinə əsasən şöbənin bütün şəxsi heyəti taxil biçini zamanı yanğın təhlükəsizliyinin təmin edilməsi üçün səfərbər olunub. Aid cavabdeh strukturlarla birgə polis əməkdaşları taxıl biçininə nəzarəti gücləndirib. Yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağı biçindən dərhal sonra şumlanır, magistral yolların kənarlarındakı biçilmiş sahələrdə də eyni işlər görülür. Fövqəladə Hallar Nazirliyinin İsmayıllı bölməsi ilə birgə rayon ərazisində biçin aparan kombaynlar nəzərdən keçirilir, yanğına qarşı mübarizə vasitələri ilə təmin olunmasına diqqət yetirilir.
Bütün tədbirlərimiz ona yönəlib ki, taxıl itkisinə yol verilməsin, torpağın strukturu, ekoloji tarazlıq pozulmasın, təbiətə ziyan dəyməsin.
Müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul edilib.
RİH başçısının müavini Sevil Əhmədova və Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov hazırladıqları məsələləri müzakirəyə təqdim ediblər. Fəallıqla keçən müzakirələrdən sonra gələcək fəaliyyəti daha da yaxşılaşdırmağa stimul olacaq qərarlar qəbul olunub.