Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda "Zubrları təbiətimizə qaytaraq!" ekoloji yay düşərgəsi açılıb

03 iyul 2019 | 16:00

"Azərbaycanda zubrların reintroduksiyası” proqramı çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə iyulun 3-də üçgünlük "Zubrları təbiətimizə qaytaraq!" adlı növbəti ekoloji yay düşərgəsi açılıb. Düşərgəyə İsmayıllı rayonunun Talıstan, Tircan, Keyvəndi, Cülyan və digər kəndlərindən 60 nəfərə yaxın məktəbli cəlb olunub.

 "Zubrları təbiətimizə qaytaraq!" yay düşərgəsi reintroduksiya olunan zubrlar və onların qorunmasının vacibliyi haqqında gənclərin məlumatlandırılması, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılması məqsədini daşıyır.

Düşərgənin ilk günü iştirakçılar zubrların həyat tərzi, reintroduksiya olunan ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün təbiətimizə qaytarılması məqsədilə həyata keçirilən reintroduksiya layihəsi haqqında seminarlarda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.

Düşərgənin ikinci günündə iştirakçıların Azərbaycanın ən böyük Milli Parkı olan Şahdağ Milli Parkına ekskursiyası təşkil olunması nəzərdə tutulub. Ekskursiya zamanı uşaqlar Milli Parkın zəngin bioloji müxtəlifliyi, eyni zamanda, Şahdağ Milli Parkının ərazisində zubrların adaptasiya dövrlərini təhlükəsiz keçmələri üçün yaradılan xüsusi komplekslə tanış olacaq, may ayında ölkəmizə reintroduksiya olunan zubrları izləyib, bu növ haqqında məlumatlar əldə edəcəklər. Düşərgənin üçüncü günü məktəblilərin Nohur gölünə ekskursiyası təşkil olunacaq.

Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim ediləcək.

Qeyd edək ki, Qafqaz zubrlarının Azərbaycan təbiətinə reintroduksiyası ilə bağlı IDEA İctimai Birliyi öz layihə tərəfdaşları olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi ilə birgə geniş mühafizə və maarifləndirmə tədbirləri keçirir. Layihə çərçivəsində vaxtilə ölkəmizdə nəsli kəsilən vəhşi öküz - Qafqaz zubru növündən olan 12 baş heyvan may ayında Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Zubrlar üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra təbiətə sərbəst buraxılacaq. Ölkəmizə bu il daha 8 baş zubrun gətirilməsi nəzərdə tutulur. Sözügedən layihə zubrların təbiətimizə qaytarılmasına yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil edilən bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi olaraq 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə İsmayıllı, Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik, Lənkəran rayonlarından ümumilikdə 500-dən çox məktəbli iştirak edib.

Keçidlər