Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir

15 avqust 2013 | 15:00

Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, əlamətdar hadisə münasibətilə onları təbrik etdi.

İctimaiyyətin adından çıxış edən Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizov İsmayıllının inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.

Sonra “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə çərçivəsində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, İsmayıllı rayonunda sifarişçisi “Meliorasiya və Su Təsərrüfatı” ASC olan su təchizatı və kanalizasiya şəbəkəsi, çirkab sutəmizləyici qurğunun tikinti və yenidənqurma işləri bu sahədə böyük təcrübəsi olan şirkətlər tərəfindən həyata keçirilir. İsmayıllı şəhərinin əhalisinin sayının 2030-cu ilədək 28 min nəfərdən çox olacağı nəzərə alınaraq, rayon mərkəzini içməli su ilə təmin etmək məqsədi ilə layihədə su mənbəyi kimi rayonun Qız qalası ərazisində yerləşən Ax-ox çayın məcraaltı suları nəzərdə tutulmuşdur. Həmin ərazidə sugötürücü qurğunun, həmçinin diametri 355 millimetr, uzunluğu 11 kilometr olan magistral su xəttinin tikintisi başa çatdırılmışdır. Magistral su xətti üzərində su anbarı, xlorlama binası və təzyiqazaldıcı anbar tikilmişdir. Layihə çərçivəsində İsmayıllı şəhərində əhalinin gün ərzində adambaşına 180 litr fasiləsiz içməli su ilə təmin olunması nəzərdə tutulmuşdur. Əlavə olaraq İsmayıllı şəhərinə yaxın ərazidə yerləşən və ümumilikdə 10 min 252 nəfər əhalisi olan Mican, İsmayıllı və Talıstan kəndlərinin aşağı hissəsinə də içməli su xətti çəkilmiş, tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Nəticədə İsmayıllı şəhəri, Mican, İsmayıllı və Talıstan kəndlərinin böyük bir hissəsi daxil olmaqla hər bir ev, o cümlədən ictimai və sosial obyektlər içməli su ilə təmin olunmuş və kanalizasiya şəbəkəsinə qoşulmuşdur. Bundan başqa, magistral xətt üzərində yerləşən Xanagah kəndinə də içməli su xətti çəkilmişdir. Bundan başqa dörd su anbarı inşa edilmişdir. Həmçinin 33 min nəfər əhaliyə xidmət edə biləcək çirkab sutəmizləyici qurğunun daha müasir qurğu ilə əvəz olunması üçün layihədə müvafiq dəyişikliklər edilmişdir. Qurğunun tikinti işləri davam etdirilir.

İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində tikiş fabrikinin açılışında iştirak etmişdir.
Ölkədə sahibkarlığın, qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı sayəsində yeni istehsal müəssisələri yaradılır və iş yerləri açılır. Bu, paytaxt Bakı ilə yanaşı, regionlarda da özünü aydın büruzə verir. Son dövrlərdə İsmayıllıda iş adamlarına yaradılan şərait, onlara göstərilən diqqət nəticəsində yeni inşa olunan müəssisələrdən biri də İsmayıllı tikiş fabrikidir. Burada ən yüksək səviyyədə məhsul istehsal etməyə imkan verən avadanlıq quraşdırılmışdır. Bu tədbirlər, ilk növbədə, əhalinin məşğulluğunun artırılması istiqamətində atılan mühüm addımlar sırasında böyük əhəmiyyətə malikdir. Bölgələrdə yeni istehsal sahələrinin yaradılması həm də ümumilikdə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir.
Beləliklə, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafını qarşıya əsas hədəflərdən biri kimi qoyması bu sahədə mühüm nailiyyətlərin əldə edilməsi ilə nəticələnmişdir. Təqdirəlayiq haldır ki, bu məsələdə paytaxt Bakı ilə yanaşı, bölgələrin da çəkisi ilbəil artır.
Fabrikin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövləti fəaliyyətlərini, iqtisadiyyatın inkişafı istiqamətində gördükləri işləri və müxtəlif dövrlərdə İsmayıllıya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Buradakı sərgi salonunda müəssisənin məhsulları nümayiş etdirilir, inzibati otaqlarda yüksək şərait yaradılmışdır. Fabrikin işçiləri tədris otağının və yeməkxananın da xidmətlərindən istifadə edəcəklər.
Dövlətimizin başçısına məlumat verildi ki, müəssisədə Yaponiya, Çin, Rusiya, Almaniya və Türkiyə istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır. İkinövbəli iş rejimində 104 nəfərin işləyəcəyi müəssisənin yaradılması İsmayıllıda məşğulluğun artırılmasına da mühüm töhfədir.
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, “İsmayıllı-1” Su Elektrik Stansiyası alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi proqramı çərçivəsində inşa olunan obyektlərdən biridir. Kiçik su elektrik stansiyalarının tikintisi elektrik enerjisinin istehsalında yanacağa qənaət etməklə yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir.

Prezident İlham Əliyevə stansiyanın inşası, fəaliyyəti və layihənin əsas komponentləri barədə də məlumat verildi. Bildirildi ki, stansiyanın tikintisinə 2011-ci ildə başlanılmışdır. Əsas və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri “Azenco” şirkəti tərəfindən həyata keçirilmişdir. Stansiyanın tikintisində 100 nəfər çalışmışdır. Tikinti işləri zamanı burada suqəbuledici quraşdırılmış, hər birinin uzunluğu 2115 metr, diametri isə 800 millimetr olan üç boru çəkilmiş, stansiya binası inşa edilmişdir.

Stansiyanın binasının foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda energetika sahəsinin inkişafına göstərdikləri diqqəti, həmçinin bu sferanın müasirləşdirilməsi istiqamətində həyata keçirdikləri layihələri əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Binada nəzarət, mühafizə və idarəetmə sistemləri quraşdırılmışdır.

Prezident İlham Əliyev idarəetmə mərkəzindən stansiyanı işə saldı.

Diqqətə çatdırıldı ki, bu stansiyanın ümumi layihə gücü 1600 kilovat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir. Burada 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik ötürücü xətlər çəkilmişdir. Stansiyanın aşağı byefindən çıxan təmizlənmiş su tikilməkdə olan “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaqdır. Beləliklə, yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3200 kilovat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcəkdir. Bu layihə olduqca səmərəli və əhəmiyyətlidir. Belə ki, İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir. Su elektrik stansiyasında 12 nəfər daimi işlə təmin ediləcəkdir. Stansiyanın ərazisində abadlıq-quruculuq işləri görülmüş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıqlarını verdi.
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
Prezident İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə və videofilmə baxdı.

Məlumat verildi ki, son dövrlərdə paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin miqyası artmışdır. Bu gün respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yollar müasir səviyyədə inşa edilir. Yeni inşa olunan belə yollardan biri də İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yoludur. Yol ən müasir səviyyədə qısa müddətdə inşa olunmuşdur.

Bu yolun tikintisi üçün Azərbaycan Prezidentinin 2012-ci il 16 mart tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq üç milyon manat vəsait ayrılmışdır. İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu 6 min nəfərin yaşadığı 7 məntəqəni birləşdirir. Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə yolun tikintisi üçün əlavə olaraq 5,5 milyon manat vəsait ayrılmışdır. Bu layihənin ümumi dəyəri 8 milyon 526 min manatdır. Layihəyə əsasən, 29,5 kilometr uzunluğunda yol çəkilmiş, 18 yerdə beton suötürücülər tikilmiş, yolboyu yol-hərəkət nişanları quraşdırılmışdır. Yolun başlanğıcında üç dayanacaq əsaslı təmir edilmiş, kəndlərdə 10 yeni dayanacaq tikilmişdir. Yolun İvanovka kəndindən keçən hissəsində piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınmışdır. Bu yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə geniş imkanlar yaratmaqla yanaşı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından olduqca önəmlidir.

İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
İsmayıllı şəhərində yeni avtovağzal istifadəyə verilmişdir.
Prezident İlham Əliyev avtovağzalın açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəflərindən biri də ölkəmizin hər yerində yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların da xüsusi əhəmiyyəti vardır. Avtovağzalların yaradılması həm də bölgələrin inkişafına töhfə verir. Müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunmuşdur. İsmayıllı şəhərində tikilən yeni avtovağzal da ən müasir tələblər səviyyəsindədir.
Məlumat verildi ki, avtovağzalın tikintisinə 2013-cü ilin martında başlanmışdır. Ümumi ərazisi 0,26 hektar, tikinti ərazisi isə 282 kvadratmetr olan avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 48 nəfərlik 4 perron inşa edilmişdir.
Perronlarda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları quraşdırılmışdır. Bundan başqa, burada ümumi sahəsi 137 kvadratmetr olan gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı yaradılmışdır. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa edilmişdir.
Bildirildi ki, avtovağzal Bakı şəhərinə, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına gedən sərnişinlərə xidmət göstərəcəkdir. Avtovağzalın istifadəyə verilməsi ilə 22 nəfər işlə təmin olunmuşdur.
Dövlətimizin başçısı əhaliyə xidmət göstərəcək yeni taksilərə və avtobuslara baxış keçirdi.

Keçidlər