Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda növbəti tədbir Milli Mətbuatımızın 144-cü ildönümünə həsr olunub.

22 iyul 2019 | 16:00

Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə Azərbaycan Milli Mətbuatının əsası qoyulmuşdur.
Azərbaycanın maarifçilik hərəkatının formalaşmasında mühüm rol oynamış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq olmuşdur.
1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb və "Əkinçi"nin nəşri bütün Qafqazda əks-səda doğurub.
Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat edib və iki il sonra fəaliyyəti dayandırılıb.
İsmayıllıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının yaranmasının 144 illiyi rayonun  aparıcı mətbuat nümayəndələrinin iştirakı yüksək səviyyədə qeyd olunub.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov açaraq bildirib ki, Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 144  ildə inkişaf edərək bu günkü səviyyədə gəlib çatıb. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.
Rayon rəhbəri qeyd edib ki, müasir Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Ulu öndər hələ 1969-cu ilin 14 iyulunda Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçildiyi gündən başlayaraq respublikamızda digər sahələrlə yanaşı, mətbuatın da inkişafında əsaslı dönüş yaranmışdır.
Həmin dövrdə istər ədəbi, istərsə də mətbuat sahəsində yüksək irəliləyiş nəzərə çarpmağa başlayıb. Azərbaycan dilində qəzetlərin sayı artıb, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirilib. Ulu öndər Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atıb.
Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı ulu öndər Heydər Əliyevin milli mətbuatın inkişafı istiqamətində həyata keçirdiyi dəyərli işlərə əsaslanır. Belə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri söz və mətbuat azadlığının təmin olunması, bundan irəli gələrək demokratik və azad mətbuatın formalaşdırılması olub. Məhz jurnalistlərə verilən mənzillər, mətbuata ayrılan malliyyə yardımları Prezidentin mətbuat işçilərinə göstərdiyi yüksək diqqətin bariz nümunəsidir. Çıxışının sonunda RİH başçısı Mirdaməd Sadıqov müstəqil Azərbaycanımızın inkişafı naminə şərəfli və çətin fəaliyyətlərində jurnalistlərə  müvəffəqiyyətlər arzulayıb.
Çıxış edən veteran jurnalistlər Valeh Salehov, Məmmədmirzə Rzayev, Bəybala Babayev, “Respublika” qəzetinin zona müxbiri Rasim Amanov,
Uşaq Ailələr Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva,  “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov bildiriblər ki, Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, gənc nəslin tərbiyəsi işində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindən biridir.  Ulu Öndər Heydər Əliyevin reallaşdırdığı islahatlar nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst inkişafına əlverişli şəraitin yaradıldığı qeyd olunub.  Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən jurnalistlərin sosial həyat şəraitinin yaxşılaşdırılması və digər problemlərinin həlli istiqamətində ardıcıl layihələr həyata keçirilir.
Tədbirin sonunda bir qrup mətbuat işçisi mətbuat sahəsində səmərəli fəaliyyətinə görə və Milli Mətbuat Günü münasibətilə rayon icra hakimiyyətinin təşəkkürnaməsi ilə təltif edilib.

Keçidlər