Qubaxəlilli kəndi taxılçılıq və heyvandarlıqda aparıcı ərazidir
Qubaxəlilli kənd təsərrüfatı sahəsində xüsusilə taxılçılıq və heyvandarlıqda sovetlər dövründə rayonun aparıcı ərazilərindən biri olub. Çox təəssüf ki, yaxın illərə qədər təsərrüfat fəaliyyətində gerilik yaranmış, yeni təsərrüfatçılıq və idarəetmə meyllərinə az maraq göstərilmişdi, hər şeyi hazır gözləmək meyli artmışdı. Yaxşı haldır ki, dövlətin yaratdığı imkanlar sayəsində taxılçılar əvvəlki şöhrəti qaytarmaq əzmindədirlər.
Qubaxəlilli kəndində keçirilən görüş-qəbulda İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu məsələlərdən ətraflı danışıb, ölkədəki sosial-iqtisadi inkişafın yüksələn tempindən, İsmayıllının cənab Prezident İlham Əliyevin Sərəncamları əsasında yeni bir yüksəliş yolunu qət etməsindən bəhs edib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov onu da bildirib ki, Qubaxəlilli bələdiyyəsi fəallıq göstərərək 3 min kvadratmetrlik yola asfalt çəkdirib, əhali vergiləri vaxtında ödəsəydi, bələdiyyə daha çox iş görə bilərdi.
Mirdaməd Sadıqov Qubaxəlilli kənd sakinlərinə bir daha məsləhət görüb ki, geniş torpaq imkanları olan bu ərazidə insanlar təsərrüfat fəaliyyətini əsil mənada canlandırsınlar, taxılçılıq və heyvandarlıq üzrə kooperativlər, aqrokompleks və ya aqropark yaratsınlar. Dövlət belə iş qurmaq istəyən hüquqi və fiziki şəxslər üçün geniş imkanlar açır. Rayon icra hakimiyyəti də sahibkarlara lazımi şərait yaradır.
RİH-nin başçısı iştirakçılardan daha öncə sosial problemlərdən özü danışıb. Qeyd edib ki, Qubaxəlilliyə suvarma suyu çəkilməsinə, elektrik xətlərinin sibkabelləşməsinə və smartkarta keçilməsinə, Cərmədil kəndinə gedən elektrik xətlərindəki dirəklərin yeniləri ilə əvəz olunmasına, uşaq bağçasının açılmasına, həkim məntəqəsinin təmir olunması və ya yenisinin tikilməsinə, keçmiş heyvandarlıq kompleksi ərazisində məskunlaşmış qaçqın və köçkünlərin evinə qaz xətti çəkilməsinə çox ciddi ehtiyac vardır. Rayon icra hakimiyyəti öz səlahiyyətləri səviyyəsində bu problemlərin həlli üzərində çalışır.
İştirakçılardan ilk olaraq çıxış edən təhsil veteranı Hüsen Həsənov xalqın sosial həyatına gətirdiyi rahatlıq və zənginliyə görə dövlət başçısına minnətdarlığını bildirib. RİH-nin başçısına təşəkkür edib ki, həmişə yerlərdə olur, hər bir sakini yaşayış yerində dinləyir, informasiyaları ilk mənbədən alır.
Bir neçə nəfər iştirakçı da təkliflərlə çıxış edib.
Sonda RİH-nin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, problemlər bizə məlumdur, onların həlli üçün aid Respublika və rayon təşkilatları ilə birgə iş aparılır.
Görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov iştirak edib.