İsmayıllıda hüquqi xidmət göstərilməsi barədə maarifləndirici tədbir keçirilib
“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” mövzusunda Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı tərəfindən 22 avqust 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. Burada İsmayıllı rayon İcra Hakimiyyəti, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Xidməti, Dövlət Əmək Müfəttişliyi Xidməti, səhiyyə, mədəniyyət sahələri, icra struktur nümayəndələri, QHT təmsilçiləri, əlilliyi olan şəxslər iştirak ediblər. Tədbiri Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov açıb. Sonra tədbirin koordinatoru, Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli Respublikamızda əlillik sahəsində, xüsusilə son illərdə minimum əmək haqqı, pensiya və social müavinatların artırılması, özünəməşğulluq, social xidmətlərin göstərilməsi sahələrinin daha da genişlənməsinin əhəmiyyətini qeyd edib.
Daha sonra keçən müddət ərzində İsmayıllı rayonunun Lahıc və Basqal qəsəbələrində ətraf kəndlərdə əlilliyi olan şəxslərlə görülən işlər, göstərilən hüquqi xidmətlər haqqında məlumat verilib. Qeyd olunub ki, 9 ərazi vahidi üzrə əlilliyi olan şəxslər, onların valideynləri ilə 5 fokus qrup keçirilib, 130 nəfər təlimlərə cəlb olunub, 97 nəfərə hüquqi xidmətlər göstərilib, 7 nəfərə rastlaşdıqları problemlər üzrə yardım göstərilib. Təqdimatda xidmət zamanı əlilliyi olan şəxslərin və onların ailələrinin rastlaşdıqları problemlər və onların hüquqi müstəvidə həlli yolları şərh olunmuşdur. Tədbirdə rayon mərkəzi xəstəxanasının baş həkimi Aydın Əsədov əlilliyin təyin olunması zamanı rastlaşılan problemlər və onların həlli yolları haqqında fikirlərini bildirib.
Sonda Davud Rəhimli Əlil Təşkilatları İttifaqı adından belə bir əhəmiyyətli layihənin İsmayıllı rayonunda yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib.