İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecində “Bilik günü” qeyd edilib
İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecində 12 ixtisas üzrə 700-ə yaxın tələbə təhsil alır. 300 nəfər bu il qəbul olunub. Kollecin ilk buraxılışı 2015-2016-cı tədris ilində olub. Həmin buraxılışdan sonrakı məzunların 50 nəfəri Nazirlər Kabinetinin məlum qərarına uyğun olaraq universitetlərə imtahansız qəbul olunub. Əsaslı təmir yolu ilə kollecin binası tədrisin müasir tələblərinə uyğun vəziyyətə gətirilib. Yeni auditoriyalar, laboratoriyalar yaradılıb. Tələbələrin timsalında demək olar ki, kollec ölkə coğrafiyasını əhatə edir.
DHTK-də “Bilik günü” münasibətilə keçirilən tədbiri kollecin direktoru Kəmalə Süleymanlı açıb, qeyd olunanlardan və digər çoxsaylı uğurlardan ətraflı danışıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təcrübəli təhsil təşkilatçısı kimi kollecin müəllim və tələbə heyəti qarşısında nitq söyləyib, “Bilik günü” münasibətilə onları təbrik edib. RİH-nin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları, hərtərəfli dəstəyi və qayğısı əsasında İsmayıllı tikilir, qurulur, yeniləşir, bütün fəaliyyət istiqamətləri üzrə inkişaf sürətlənir, əhalinin sosial həyatı zənginləşir. Bu gün uğurlarına sevindiyimiz Kollec də 2013-cü ildə Prezident İlham Əliyevin razılığı ilə açılıb.
Deyərdim ki, rayonun inkişafından danışdıqda mən İsmayıllı təhsilini ön yerdə, Kolleci də bu sırada birinci görürəm.
Mirdaməd Sadıqov “Bilik günü” iştirakçıları qarşısında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İsmayıllıya səfərindən, açdığı yeni sosial obyektlərdən, Diyallıda, şəhərin Mərkəzi meydanında, İvanovkada insanlarla səmimi görüşlərindən, İsmayıllının hərtərəfli inkişafına yüksək qiymət verməsindən fərəhlə danışıb. Sonda bir daha kollecin uğurlarını diqqətə çəkib və bu təhsil müəssisəsinin rayonda yaratdığı ziyalılıq mühitindən danışıb.
Tədbirdə iştirak edən rayon prokuroru Tural Yusifov “Bilik günü” münasibətilə Kollecin tələbə və müəllim kollektivini təbrik edib.
RİH-nin başçısı təntənəli tədbirdən sonra auditoriyalara gedib, tələbələrlə və tədris şəraiti ilə tanış olub.