Növbəti görüş-qəbul Ağbulaq kəndində keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov növbəti görüş-qəbulu Ağbulaq sakinləri ilə keçirib. Cənab Prezident İlham Əliyevin Sərəncamı əsasında tikilən Təzəkənd-Ağbulaq-Qoşakənd yolunun istifadəyə verilməsindən sonra bir daha rahatlıq tapan Ağbulaq sakinləri ölkə rəhbərinə minnətdar olaraq görüş-qəbula mütəşəkkilliklə gəlmişdilər.
Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin Sərəncamları, imzaladığı Dövlət proqramları əsasında rayonumuz kəndləri ilə birlikdə inkişaf edir, yeniləşir, iqtisadi və maliyyə imkanları artır, müasir yollar şəbəkəsi yaradılır, kəndlərə qaz çəkilir, sosial problemlərin uğurlu həlli nəticəsində insanların sosial həyatına bir rahatlıq, zənginlik gəlir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın İsmayıllıya səfəri, görülən işlərə yüksək qiymət verməsi, insanlara göstərdiyi səmimiyyət və mehribanlıq rayonun hərtərəfli inkişafı üçün yeni stimula çevrilir.
RİH-nin başçısı Mirdaməd Sadıqov daha sonra təklifi, şikayəti, istəyi, xahişi olan hər bir kəsi dinləyib, aidiyyatı qurumlara aşağıdakı məsələlərlə əlaqədar tapşırıqlar verib; su təminatını yaxşılaşdırmaq üçün artezian quyusunun transformatorunu daha güclüsü ilə əvəz etmək, kəndə yeni transformator qoymaq, 40 ədədə qədər elektrik dirəklərini dəyişmək, qaz çəkilişinə yardımçı olmaq, odun yanacağı ilə təminatı yaxşılaşdırmaq və sair. Elə məsələlər də ortaya çıxarılıb ki, onlar qanuni əsasda cavablandırılıb və ya məsləhətlər verilib.
Görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Qalib Əsgərov iştirak edib.