Gənclərlə maarifləndirici tədbir keçirilib
İsmayıllı Peşə Tədris Mərkəzində, rayon Gənclər və İdman İdarəsi və İsmayıllı Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “Yol hərəkətinin təhlükəsizliyi” mövzularında gənclərlə maarifləndirici tədbir keçirilib.Tədbirdə Ismayıllı RİH-nin nümayəndəsi Bəhruz Xələfov, Uşaq və Ailələrə dəstək mərkəzinin direktoru Lətifə Əliyeva, rayon Polis şöbəsinin DYPB-nin rəisi əvəzi Əkbər Musayev,Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili qrupunun baş inspektoru Rahim Orucov iştirak edib.
Tədbiri İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov açıb, gələn qonaqları, müəllim və tələbələri salamlayıb. Tədbirdə çıxışlardan öncə narkomaniyanın törətdiyi fəsadlar haqqında qısa metrajlı filim nümayiş etdirilib. İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov keçirilən maarifləndirici görüşün mahiyyəti haqqında məlumat verib. Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili qrupunun baş inspektoru Rahim Orucov cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniyanın törətdiyi fəsadlardan danışıb.
Erkən nikahların fəsadları haqqında Uşaq və Ailələrə dəstək mərkəzinin direktoru Lətifə Əliyeva və Ismayıllı RİH-nin məsul işçisi Bəhruz Xələfov məlumat verib. Çıxışçılar erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyini diqqətə çatdırıblar. Erkən nikah probleminin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verilib.
“Yol” hərəkətinin təhlükəsizliyi” barəsində İsmayıllı rayon Polis şöbəsinin DYPB-nin rəisi əvəzi Əkbər Musayev çıxış edib. Gənclərlə "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb.
İnteraktiv formada keçirilən tədbirin sonunda iştirakçılara İsmayıllı rayon Gənclər və İdman idarəsi tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.