Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən müharibəsi qəhrəmanı, Kamal Qasımovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib

24 dekabr 2019 | 16:00

21 dekabr 2019-cu il tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində şəhid Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbində Böyük Vətən Müharibəsi Qəhrəmanı, əslən basqallı olan siyasi rəhbər Kamal Qasımovun anadan olmasının 110 illiyinə həsr olunmuş "Qəhrəmanın hünəri - Vətən qəhrəmanlarını unutmur" adlı tədbir keçirilib. Tədbir İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşəbbüsü və Basqal qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə hazırlanıb.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin  müavini Murad Məhərrəmov,  TİAHİ Rayon Şöbəsinin sədri Hafiz Kərimov, qəsəbədəki idarə, müəssisə və təşkilatların əməkdaşları, Bakı və digər şəhərlərdə yaşayan  Basqaldan olan ziyalılar, iş adamları, hərbçilər, qonşu kəndlərin icra nümayəndələri, məktəb direktorları  və qəsəbə sakinləri iştirak ediblər.
Tədbirin əvvəlində Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra bədii hissə nümayiş etdirilib. Şagirdlər tərəfindən şeirlər və hərbi vətənpərvərlik mahnıları səsləndirilib. Kamal Qasımovun qəhrəmanlığını əks etdirən səhnə təqdim olunub. Bədii hissənin sonunda Kamal Qasımova həsr olunmuş, 1941-ci ildə "Azərbaycanfilm" tərəfindən lentə alınmış "Vətən oğlu" filmi nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsini giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbəsi üzrə nümayəndəsi Novruz Əsədov açıb, Kamal Qasımovun şərəfli ömür yolu barədə geniş məlumat verib.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Məhərrəmov çıxış edərək, rayon icra hakimiyyəti başçısı Mirdaməd Sadıqovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən, müharibə veteranlarına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Rayon  Təhsil Şöbəsinin əməkdaşı Hafiz Kərimov tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. Məktəbin icraçı direktoru Yeganə Ağayeva çıxış edərək, hərbi vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin vacibliyindən söz açıb.
AMEA-nın elmi işçisi Abduləhəd Tağıyev, Ukraynanın Xarkov şəhərində Azərbaycan diasporunun üzvü Kifayət Cəfərova, "Elm və təhsil" qəzetinin baş redaktoru Pərixanım Mikayıl qızı çıxışlarında Basqal qəsəbə tam orta məktəbinin tikintisinə görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər. Daha sonra şair Roman Səfərov Kamal Qasımova həsr etdiyi şeiri səsləndirib. Ehtiyatda olan polkovnik-leytenant Çingiz Məhərrəmov belə  tədbirlərin sayının artırılmasını tövsiyə edib.
Tədbir itirilmiş torpaqların geri qaytarılması, üçrəngli bayrağımızın Qarabağda dalğalandırılması arzusu ilə sona çatıb.

Keçidlər