Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda kümçülər üçün seminar-müşavirə keçirilib

14 yanvar 2020 | 16:00

İsmayıllıda “Tut ipəkqurdunun yemləndirilməsi qaydaları və dezinfeksiya işlərinin aparılması” mövzusunda seminar-müşavirə keçirilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində Qax rayon Damazlıq İpəkçilik Stansiyasının mütəxəssisləri tərəfindən keçirilən tədbirdə kümçülər və aidiyyəti mütəxəssislər iştirak ediblər.

Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev seminar-müşavirədə çıxış edərək, son illər İsmayıllıda baramaçılığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, qeyri-neft sektorunun inkişafı, aqrar sektorda aparılan islahatlar rayonda baramaçılığın inkişafına güclü təkan verib. Barama istehsalına 2016-cı ildən başlandığını bildirən R.Yəhyayev hər il barama tədarükünün artdığını, o cümlədən 2018-ci ildə 120 qutudan 3899,9 kiloqram, 2019-cu ildə isə 150 qutudan 4205,4 kiloqram barama istehsal olunduğunu söyləyib.

Seminar-müşavirədə Qax rayon Damazlıq İpəkçilik Stansiyasının baş mühəndisi Nemət Süleymanov çıxış edərək ipəkqurdunun bəslənmə texnologiyası, yemləmə prosesi, keyfiyyətli barama alınması üçün zəruri olan qulluq qaydaları barədə geniş bilgilər verib. Vurğulayıb ki, ipəkqurdunun bəslənmə dövründə xəstəliklərə yoluxmaması üçün kümxanalar fevral ayından təmizlənməli, mart ayının sonundan aprelin birinci yarısınadək dezinfeksiya olunmalıdır.

Sonda barama istehsalçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər