İsmayıllıda təqaüddə olan müəllimlərlə evlərində görüş keçirilib.
Ümummilli liderimiz Heydər Əliyev vaxtilə qeyd etmişdir ki, həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Belə fədakar müəllimlər rayonumuzda da çoxluq təşkil edir. İsmayıllı təhsili respublikada fərqlənən,qabaqcıllar sırasında olan, müasirliyi özündə ehtiva edən bir sahəyə,İsmayıllının brendinə çevrilib.
Fədakar müəllimlərimizin bir qismi bu gün təqaüddədir, həyatlarını istirahət etmək, rayonun ictimai-siyasi həyatında iştirakla davam etdirirlər.
Rayonda yaranmış ən yaxşı ənənələrdən biri belə ziyalıların heç vaxt unudulmaması, onlarla görüşlərin keçirilməsi, bayram günlərində baş çəkilməsidir.
Novruz bayramı ərəfəsində bu ənənə yenə də davam etdirilib. Rayon İcra Hakimiyyəti və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə təqaüddə olan bir qrup müəllimə baş çəkilib, bayramları təbrik edilib.
Uzun illər təhsil sahəsində çalışan, bütün həyatını şərəfli müəllim peşəsinə həsr edən təqaüdçü müəllimlərdən Xamis Ağayevin, Nadir Məmmədovun, Abduləziz Əzizovun, Yaşar Nuriyevin, Qureyş Mikayılovanın, Cavanşir Həsənovun, Nəriman Qəniyevin evlərinə səfər edilib, onlar Milli bayramımız münasibəti ilə təbrik edilib.
RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov, TİAHİ RK-nin sədri Hafiz Kərimov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlu bayram münasibətilə rayon rəhbərliyi və təhsil şöbəsi adından qocaman pedaqoqları təbrik edib, onlara davamlı ömür arzulayıblar. Ölkə rəhbəri cənab İlham Əliyevin bütün sahələrdə, eyni zamanda sosial sahədə apardığı uğurlu siyasət barədə ağsaqqal ziyalılarla söhbətlər aparılıb. Cənab Prezidentin təhsil sahəsinə, gəncliyə göstərdiyi diqqət və qayğıdan danışılıb. Azərbaycanın inkişaf etmiş ölkələr sırasında yer tutduğu diqqətə çatdırılıb. Yaşlı nəslin təcrübəsinə,gənclərin intellektinə əsaslanmağın ən optimal yol olduğu vurğulanıb.
Təqaüdçü müəllimlərlə görüşdə xoş anlar yaşanıb. Ölkə başçısına, rayon rəhbərliyinə, təhsil şöbəsinə müəllimlər tərəfindən təşəkkür olunub.
Görüş iştirakçılarına bayram sovqatları hədiyyə olunub, onlarla xatirə şəkilləri çəkilib.