İsmayıllı RİH başçısı Tircan kəndində evi yanan vətəndaşı ziyarət edib
18.03.2020-ci il tarixdə gecə saatlarında İsmayıllı rayonunun Tircan kənd sakini, 1930-cu il təvəllüdlü (90 yaşlı) Məmmədov Ramiz Mirzəməmməd oğluna məxsus ümumi sahəsi 90 kv.metr olan fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə yanmışdır. Yanğın olan gecənin səhəri RİH başçısı hadisə yerində olub, vətəndaşa dəymiş ziyanın hesablanması və operativ şəkildə aradan qaldırılması üçün müvafiq tapşırıqlar vermişdir. Yanğın nəticəsində müxtəlif bədən xəsarətləri alan ev sahibi R.Məmmədov dərhal İsmayıllı rayon Mərkəzi xəstəxanasına yerləşdirilmişdir.
20.03.2020-ci il tarixdə RİH başçısı Nahid Bağırov xəstəxanada müalicə alan R.Məmmədovu ziyarət edib, onun problemlərini dinləyib. N.Bağırov vətəndaşa rayon icra hakimiyyəti səlahiyyətləri daxilində köməkliyin göstəriləcəyini bildirib. Məlum hadisə ilə bağlı icra hakimiyyəti tərəfindən adiyyatı təkşkilatlara müraciətlər göndərilmiş, həmçinin, zərərçəkmişin tək yaşadığı nəzərə alınaraq övladları dəvət olunaraq vətəndaşın övladlarının himayəsinə yaşaması məsələsi həll edilmişdir.