Şriftin ölçüsü :

Saytın rəngi :

Dəyərli addım

30 oktyabr 2012 | 16:00

Oktyabr ayının 29-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən “Azərbaycan xalqı. Soyqırım qurbanları” mövzusunda Heydər Əliyev adına parkda, açıq səma altında XIX əsrin 70-90-cı illərində, XX əsrin 1905-1907, 1918-1920, 1930-1940, 1948-1953, 1960-1970, 1988-1993-cü illərdə, xüsusilə Xocalıda erməni terror təşkilatlarının azərbaycanlılara qarşı keçirdikləri qanlı aksiyalara həsr olunmuş sərgi keçirilmişdir. Sərgidə həmçinin məktəblilərin mövzuya aid əl işləri nümayiş olunmuşdur. Tədbirdə yuxarı sinif şagirdləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə kollektivləri iştirak etmişlər.
Tədbirin keçirilməsində məqsəd yetişməkdə olan gənclərimizə son iki əsrdə 4 milyondan artıq azərbaycanlının erməni terrorları səbəbindən həlak olması, xəsarət alması yurd-yuvalarından didərgin düşməsi barəsində müfəssəl məlumatları foto şəkillər vasitəsilə əyani nümayiş etdirmək olmuşdur.
İctimai birliyi belə vacib layihə üzərində işləməyə sövq edən əsrlər boyu qurbanlar verən Azərbaycan xalqının haqq səsinin beynəlxalq aləmdə eşidilməməsi və cinayətlər haqqında kifayət qədər kəsərli məlumatların ictimaiyyətə yetərincə çatdırılmaması olmuşdur. Belə tutarlı faktların göz qabağında olduğu halda, erməni diasporları beynəlxalq aləmdə yalan və iftiralar yaymaqla erməni soyqırımı olması təbliğatını aparırlar. Bəzi dövlətlərin və təşkilatların ermənilərə müxtəlif sahələrdə yardımlar etməsi də bizə bəllidir. Belə bir vəziyyətdə erməni şovinistləri və onların havadarlarının əməllərindən əziyyət çəkən azərbaycanlıların hüquqları kobud şəkildə pozulur, onların haqq səsi eşidilmir.
Belə bir layihənin həyata keçirilməsi ermənilərin zaman-zaman törətdikləri soyqırımlar barəsində istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda daha çox insana əsil həqiqətləri çatdırmaqdan ibarətdir.
Sərgini seyr edənlərdən bir çoxu nümayiş olunan eksponatlarla bağlı təəssüratlarını İctimai birliyin rəy və təkliflər kitabına yazmışlar.
Mövzu ilə bağlı kitab guşəsində sərgilənən tarixi kitablar da iştirakçıların marağına səbəb olmuşdur. Tədbir iştirakçıları keçirilən sərgini erməni faşistlərinin törətdiyi soyqırımların tanınması istiqamətində dəyərli addım kimi qiymətləndirmişlər.
 

Keçidlər