Aprel döyüşləri – böyük zəfərin başlanğıcıdır.
Hərb tariximizin ən yaddaqalan hadisələrindən biri, Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan Aprel döyüşlərindən artıq dörd il keçir. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə ermənilər ordumuza qarşı növbəti silahlı təxribat hadisəsini törətmiş, Azərbaycan Ordusu isə ermənilərin təxribatlarının qarşısını almaq məqsədilə yüksək qəhrəmanlıq göstərərək, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlələrlə tarixi düşmənimizi rüsvayedici məğlubiyyətə düçar etdi. Qüdrətli Ordumuz düşmənə sarsıdıcı zərbə vurmaqla strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini, həmçinin, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərinin işğal altında olan hektarlarla torpağımızı tam azad edə bildi. Füzuli rayonu istiqamətində yerləşən, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də Milli Ordunun nəzarəti altına keçdi. Aprel döyüşlərindəki parlaq qələbə işğaldan azad edilmiş ərazilərin, o cümlədən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də gücləndirdi.
Dövlət başçısının sərəncamlarına əsasən, Cocuq Mərcanlı kəndi qısa zamanda bərpa olundu və quruculuq işləri həyata keçirildi.
Aprel döyüşlərində şəhid olan, yaralanan, iştirak edən əsgər və zabitlərimiz Böyük Qələbəyə gedən yola işıq tutdular. Azərbaycan ordusunun qüdrətini, torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha nümayiş etdirdilər.
Məlumdur ki, hər bir döyüş, əks-hücum həmləsi belə böyük şücaətlərin fonunda müəyyən itkiləri və insan tələfatını qaçılmaz edir. Əfsuslar olsun ki, belə bir xoşagəlməz qanunauyğunluq bizim bəzi vətənpərvər əsgərlərimizin şəhid olmasına, həmçinin qəhrəmanlıqları və şücaətləri ilə bizi ruhlandıran qardaşlarımızın həyatına bais oldu. Azərbaycan xalqı, o cümlədən dövlətimiz aprel döyüşlərində xalqımızın sarsılmaz iradəsi uğrunda canından keçən qəhrəmanlarımızı böyük sayğı ilə hər an anır, onların ailələrinə qayğı göstərir, həmçinin qazilərimizin müalicəsi üçün lazımı qayğını əsirgəmir...
İsmayıllı rayonu da bu qəhrəmanlıq səlnaməsinə öz adını böyük fəxarətlə yazdıran rayonlarımız sırasındadır. Belə ki, Maçaxı kəndinin sakini Mikayıl Vahabzadə də Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan qəhəmanlarımızdandır. Rayonda hər zaman adı fəxarətlə anılan şəhidimiz aprel döyüşlərində Azərbaycan-Ermənistan təmas xəttində vuruşaraq qəhrəmancasına canını vətəninə fəda edib. Aprelin ayının 9-da Azərbaycan ictimaiyyəti, o cümlədən İsmayıllı rayonu şəhidini Maçaxı kəndindən son mənzilə kövrələrək yola salıb. Mikayıl Vahabzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Aprel döyüşlərində ordumuzun qazandığı qələbə ölkəmizin bütün vətəndaşlarında böyük ruh yüksəkliyinə səbəb oldu. Bu döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızla yanaşı, vətən uğrunda sağlamlıqlarını itirmiş qəhrəman qazilərimiz də fədakarlıq nümayiş etdiriblər. Rayonun daha bir sakini Yaşar Ağayev cəsarətlilik və fədakarlıq nümayiş etdirərək həmin döyüşlərdə başından ağır yaralansa da digər qazilərimiz kimi hər zaman Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hazır olduqlarını və işğal altında olan torpaqlarımızı düşməndən almağa qadir olduqlarını qətiyyətlə bildiriblər.
“Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi”
Mövcud vəziyyətlə əlaqədar, qazimiz Yaşar Ağayevi canlı ziyarət edə bilmədiyimiz üçün rayon gəncləri ilə birgə igidimizlə onlayın bağlantı quraraq həmsöhbət olduq. Canlı qəhrəmanımız ölkədə, eləcə də rayonumuzda gedən təbliğat kampaniyalarını dəstəkləyərək, ilk növbədə, ölkə rəhbəri cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkürünü bildirib və hər kəsə “evdə qal, sağlam ol”, eləcə də Nazirlər Kabineti Yanında Operativ Qərərgahın tələblərinə əməl etməyi qətiyyətlə tövsiyə etdi.
Eyni zamanda Aprel döyüşlərini unutma flaşbomu keçirilib. İsmayıllı rayonu ərazisində Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən binanın qarşısında Azərbaycan himnini səsləndirilib. Bina sakinləri də bu flaşmoba qoşularaq “evdə qal, Qarabağı unutma”, “evdə qal, şəhidləri unutma” şüarları ilə dəstək olublar.
Bina sakinlərinə evdə qaldıqları üçün minnətdarlıq edilib.