İsmayıllıda Aprel Şəhidinin məzarı ziyarət olunub
2016-cı il aprelin əvvəllərində, Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda, ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu hadisə, Aprel Döyüşləri kimi tarixləşib.
Həmin döyüşlərdə rayonumuzun Maçaxı kəndində doğulub boya başa çatmış, Sumqayıt Dövlət Universitetində ali təhsil almış, Mikayıl Yaqub oğlu Vahabzadə də şəhid olub. Mikayıl, aprelin 9-da doğma kəndində dəfn olunub. O gündən şəhidin məzarı və ailəsi yurdsevər İsmayıllılar üçün ziyarətgaha çevrilib.
Üçrəngli Bayrağımızı, Vətənimizi canından çox sevən, bu sevgi yolunda canından keçən Mukayılın haqqında kitab yazılmış, sənədli film çəkilmiş, çox sayda məqalələr, şeirlələr həsr olunmuşdur. Ad günlərində, bayramlarda, Aprel Döyüşlərinin ildönümü günlərində, Mikayılın məzarı başında daim izdiham yaşanır.
Bu gün dünya qorxulu bir virusla döyüşür. Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə, rayonumuzda da karantin elan olunub. Lakin, buna baxmayaraq, bu gün İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri karantin qaydalarına əməl etməklə, yenə ailəsi ilə birlikdə Aprel şəhidimizin məzarını ziyarət etdilər, rayon rəhbərliyi adından ailəyə səbr, dözüm diləyib, başsağlığı veriblər.
Çıxış edənlər bir daha vurğulayıblar ki, Azərbaycan dövlətinin güclü ordusu var və Şəhidlərimizin qisası düşməndə, torpaqlarımız yağı əlində qalmayacaq!
Şəhidin məzarı üzərinə qərənfillər düzülüb, ruhuna dualar oxunub. Allah rəhmət eləsin.