İsmayıllının 118 sakininə dövlət tərəfindən 1500 və 750 manat birdəfəlik yardım veriləcək
Möhtərəm Prezident İlham Əliyevin yeni sərəncamına əsasən, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar bir sıra vətəndaşa birdəfəlik yardım veriləcək. Rayonumuzun 118 sakininə də şamil olunan sənəddə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, o cümlədən həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər nəzərdə tutulur. Bu, qeyd olunan kateqoriyaya aid vətəndaşların üzərində xüsusi dövlət qayğısı və diqqətinin bariz nümunəsidir.
Qeyd edək ki, birdəfəlik yardım müharibədə iştirak etmiş şəxslər üçün 1500, digər kateqoriyalar üzrə isə 750 manat təşkil edir. Rayonumuzda biriinci kateqoriyaya aid 4 vətəndaş, digər kateqoriyalar üzrə isə ümumən 114 sakin yaşayır.
Sərəncamın tam mətnini təqdim edirik:
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 (min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin.
2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə:
2.1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılsın;
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;
2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2020-ci il.