Avropanın gümüş medalı İsmayıllıda
Yaxın günlərdə Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyində idmançımız Məhəmməd Məmmədli də körpücük üzərinə çıxıb. Atletimiz yaşı 17-yə qədər olan idmançıların mübarizəsində 50 kiloqram çəki dərəcəsində çıxış edib.
“Zirvə – İsmayıllı” komandasının respublika təmsilçisi Məhəmməd Məmmədli birdənqaldırma hərəkətində əvvəlcə 79, sonra isə 81 kiloqramı rahatlıqla başı üzərinə qaldırıb. Ancaq üçüncü yanaşmasında 83 kq-lıq ştanq ona ram olmayıb. Buna baxmayaraq, Məmmədli bu hərəkətdə gümüş medal qazanıb.
Təkanla qaldırma hərəkətində isə atletimiz daha yaxşı çıxış edib. O, əvvəlcə 95, sonra isə 100 kiloqramı qaldırıb. Sonuncu yanaşmada 102 kiloqrama güc gələ bilməsə də, bu hərəkətdə qızıl medala sahib çıxa bilib.
Toplamda 181 kloqram (81 kq. + 100 kq.) nəticə göstərən Məhəmməd Məmmədli Avropa Birincliyinin gümüş medalını qazanıb. Atletimiz qızıl medalı yalnız bir kiloqram fərqlə uduzub.
Avropa birinciliyinin gümüş medalını qazanması münasibəti ilə Məhəmmədi və onun bu qələbəsində əməyi olan hər kəsi təbrik edirik. Uğurlarının davamı gəlsin!