Kürdmaşıda qanunsuz çəpərlər sökülür, örüş yerləri əhalinin ümumi istifadəsinə qaytarılır - VİDEO
Qanunsuz zəbt olunmuş sahələrdə çəpərlərin söküntüsü Kürdmaşı kəndində davam edir. İşlər bələdiyyə və İcra nümayəndəliyinin rəhbərliyi, yerli camaatın iştirakı ilə həyata keçirilir.
Kənd sakini Ə.H qanunsuz olaraq 80 sotluq ərazini 8 ildir zəbt etdiyini deyir. O, qanunun tələbləri ilə maarifləndirilib, bu cür əməllərin qeyri-qanuni olduğu barədə məlumatlandırılıb. Nəticədə özbaşına çəkmiş olduğu çəpərləri sökmək qərarına gəlib.
Kürdmaşı kəndində ümumən 30 hektara yaxın örüş sahəsi qanunsuz zəbt edilib. Hazırda 4 hektara yaxın ərazi çəpərlərdən azad olunub, əhalinin ümumi istifadəsinə qaytarılıb. Kənddə bu tip söküntü işləri davam etdirilir.
İndiyə qədər Quşencə və Qalınçaq kəndlərində, həmçinin Pirdinar ərazisində zəbt olunmuş örüş yerlərinin qanunsuz çəpərləri səbəbkarların özləri tərəfindən sökülüb, maneə məqsədilə qazılmış arxlar doldurulub.
Xatırladaq ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən örüş sahələri, kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Torpaq məcəlləsinin 16-cı maddəsi, həmçinin “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarına görə, örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə müddətsiz ayrılıb. Bələdiyyənin ehtiyat torpaq fondunda olan örüş və biçənək sahələrinin müəyyən qismi isə qanunvericiliyə uyğun qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.
Cinayət məcəlləsinin 188-ci maddəsinə görə, ümumi istifadəyə verilmiş torpaq özbaşına hasarlanarsa 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vəzifəli şəxslər tərəfindən icarə və ya mülkiyyətə verilərsə həmin insanlar 314-cü maddəyə əsasən 3 ildən 8 ilədək həbs olunur, 3 ilədək müddətə müəyyən vəzifə və ya fəaliyyət hüququndan məhrum edilir.
Torpaqlardan təyinatı üzrə istifadə edilməzsə inzibati xətalar məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulduğu kimi, fiziki şəxslər 500, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilə bilər.