Gənc müəllimlərlə görüş
Sentyabr ayının 12-də İsmayıllı Rayon Təhsil Şöbəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqə-müsahibə mərhələsindən müvəffəqiyyətlə keçib rayonun ümumtəhsil məktəblərinə təyinat almış gənc müəllimlərlə görüş keçirilib.
İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov gənc kadrları salamlayaraq işə qəbul olma münasibətləri ilə təbrik edib. Onlara müəllimlik peşəsinin müqəddəsliyi, ucalığı barədə fikirlərini çatdırıb. Müəllim adını yüksəltmək, bu adı şərəflə daşımaq üçün tövsiyə və tapşırıqlarını verib. Gənc müəllimlərə dövlət qayğısından danışan P.Orucov cari dərs ilindən kənd yerlərinə təyinat almış müəllimlərə şamil olunacaq imtiyazlardan da söz açıb. O, gənc müəllimlərin müsabiqədə yüksək bal toplamasını müsbət hal kimi dəyərləndirib. İsmayıllı təhsilinin ildən-ilə artan uğurlarına əmək fəaliyyətinə yenicə başlayan müəllimlərin də töhfə verəcəklərinə əmin olduğunu bildirib. Natiq eyni zamanda gənc müəllimləri İsmayıllıda Gənc Müəllimlər Şurasının işində yaxından iştirak etmələrinin faydalı olacağından danışıb.
Görüşdə çıxış edən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov gənc müəllimlərə hər zaman qayğı göstəriləcəyini, problemlərinin həlli istiqamətində onlara yaxından köməklik olunacağını deyib.
Təhsil Şöbəsinin kadrlar üzrə məsləhətçisi İsa Səlimov çıxış edərək gənc müəllimlərin hüquq və vəzifələri barədə danışıb. Onları hər vaxt hüquqlarından istifadə etməyə, bununla bərabər vəzifələrini layiqincə yerinə yetirməyə səsləyib.
Gənc müəllim İranə Əhmədova keçirilən görüşə, göstərilən diqqət və qayğıya görə Təhsil Şöbəsinin rəhbərliyinə həmkarları adından təşəkkürünü bildirib. Dərs deyəcəkləri şagirdləri savadlı, vətənpərvər vətəndaşlar kimi tərbiyə edəcəklərini deyib.
Sonda gənc müəllimlərin təyinat vərəqələrini təqdim edən Rasim Orucov onlara bir daha uğurlar arzulayıb.