İsmayıllı sakinləri karantin dövründə sosial layihələrdən bəhrələnib
Ölkə Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr rayonumuzun ictimaiyyəti tərəfindən ruh yüksəkliyi ilə qarşılanır və uğurla icra olunur. Ölkədə sosial-iqtisadi inkişafının təmin olunması ilə əlaqədar həyata keçirilən ardıcıl tədbirlərlə yanaşı əhalinin məşğulluğunun artırılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bütün dünyanı əhatə edən pandemiya dövründə karantin rejiminin tələblərinə uyğun olaraq sosial izolyasiya tədbirlərinə riayət etməklə yanaşı, rayonda iqtisadiyyatın inkişafı istiqamətində tədbirlər davam etdirilmişdir. 2020-ci ilin birinci rübündə əsas kapitala investisiya qoyuluşunun azalması nəticəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalı müəyyən qədər azalsa da kənd təsərrüfatı məhsullarının həcmi 6,8 faiz, sənaye sahəsində iş və xidmətlərin həcmi 7,4 faiz artmışdır. Müqayisə olunan dövrdə rayonumuzun iqtisadiyyatının əsasinı təşkil edən aqrar sahədə 819,1 min manat çox ümumi məhsul istehsal olunmuşdur.
Cari ilin ötən dövrü ərzində aqrar sahədə işlərin gedişində lənglik müşahidə olunmamışdır. Bütün mövsümi aqrotexniki tədbirlər vaxtında icra olunur.
Pandemiya dövründə ölkədə şəffaf fəaliyyət, iş yerlərinin qorunması və dövlətin bütün güzəştlərinə tam çıxış imkanları təmin edilmiş, məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə rayonda heç bir ciddi çətinlik yaranmamışdır.
Cənab İlham Əliyevin tapşırığı ilə pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) verilən birdəfəlik müavinətdən rayonumuzun aztəminatlı təbəqəsinin 6000-ə yaxın üzvü də yararlanmışdır.
Pandemiya dövründə işsizliyin azaldılması və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə rayonumuz üçün 2 ay müddətində ayda minimum əmək haqqı həcmində ( 250 manat ) ödənilməklə 250 sosial iş yeri yaradılmış, 205 nəfər sosial işlə təmin olunmuşdur. Həmçinin əmək haqqı bir il müddətinə ödənilməklə 45 nəfər baytar köməkçisi işə qəbul olunmuşdur.
Ölkədə ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsinin genişlənməsi nəzərdə tutulmuşdur. Hazırda rayonda 110 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
Müntəzəm olaraq rayonda pensiya, müavinət və təqaüd alan rayon sakinlərinə ödənişlərin davamlılığı təmin olunur.
Koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq dövlət orqanlarında çalışan hər bir əməkdaş və sahibkarlar şəffaf fəaliyyət göstərməlidir. Dövlətin özəl sektordan və əhalidən gözləntisi, fəaliyyətin tam şəffaflaşdırılmasıdır. Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir.