Təhsilli gənclərin seminarı
12 sentyabr 2013-cü il tarixdə işləməyən ali təhsilli gəncləri Rayon Məşğulluq Mərkəzi Heydər Əliyev Mərkəzinə dəvət etmişdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov onlarla görüşməli idi.
Tədbiri RİH başçısının müavini Sevil Əhmədova açdı. İqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov çıxış edib, gənclərə karyera qurmaq barədə məsləhətlər verdi. Rayonun perspektiv inkişaf istiqamətlərindən, açılacaq müəssisələrin və sosial problemlərin həlli layihələrindən danışdı. Bunlarla əlaqədar ixtisasdəyişmənin zəruriliyini diqqətə çatdırdı.
Rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi, hüquqşünas Pakizə Ağayeva əmək münasibətlərinin formalaşması yollarından danışdı.
“Kredo Bank”-ın İsmayıllı filialının iqtisadçısı Elçin Məmmədov biznes planların hazırlanması və həyata keçirilməsi yolları barədə məlumat verdi.
Rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm Səmədov məsələnin mahiyyəti baxımından çıxış etdi və ali təhsillilər üçün boş iş yerləri barədə informasiyanı fotoslayd vasitəsi ilə iştirakçıların diqqətinə çatdırdı.