İsmayıllı könüllüləri sosial aksiyaları davam etdirir
Gənc könüllülər İsmayıllının mərkəzi küçələri və ictimai iaşə obyektlərində koronavirusa qarşı maarifləndirmə işləri aparıb, maska, əlcək və digər gigyenik vasitələr paylayıb.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) İsmayıllıdakı Nümayəndəliyinin könüllüləri tərəfindən mağaza və restoranlara, o cümlədən taksilərə maarifləndirici məlumat lövhələri yapışdırılıb, sakinlərin əlləri xüsusi məhlulla dezinfeksiya edilib.
Gənc Könüllülər rayonun Heydər Əliyev prospektində yerləşən parkda müxtəlif güllər əkib, Şəhidlər Xiyabanını ziyarət edib, lazımı təmizlik işləri görüblər.
GİKM-nin İsmayıllıdakı nümayəndəliyindən əlavə icra hakimiyyətinin könüllüləri də rayonun turizm potensialının təbliğində iştirak edir, bu sahədə təcrübə qazanır. Müxtəlif tədbirləri kütləvi informasiya vasitələrində işıqlandırır və ictimayətə çatdırırlar.
Qeyd edək ki, bu tədbirlər rayonda "Bir-birimizi qoruyaq", “Könüllü qonşu”, “Könüllü donor”, “Böyüklərimizi qoruyaq” aksiyaları çərçivəsində gündəlik həyata keçirilir.