Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid xatirəsi bulaq-abidə ilə əbədiləşdi

14 sentyabr 2013 | 15:00

Doğuluşdan, ayağı yer tutandan igidlik, vətənpərvərlik meyilli, atası kimi hərbi istiqamətli tərbiyə alan Micanın dəyərli oğlu Cəlal Rüstəmov bir zamanlar şəxsi həyatını qurmaq üçün uzaqlara getmişdi. Vətənin bütövlüyünə qəsd ediləndə, soydaşlarımız öz elindən-obasından didərgin salınanda Cəlal Azərbaycana- ön cəbhəyə qayıtdı. Ağdərə döyüşlərində qəhrəmanlıqla vuruşdu. İtkin düşdü. Şəhidlik zirvəsinə ucaldı. Anasının ,ailəsinin, qohum və dostlarının gözləri yolda qaldı. Sentyabrın 13-də bu həsrətə qismən son qoyuldu. Cəlal Vətənə, İsmayıllıya, doğma küçəsinə bulaq-abidə formasında,  qara mərmər üzərində, insanlara həyat verən su kimi qayıtdı. Həmin gün şəhidin  xatirəsinə rayon rəhbərliyinin ucaltdığı abidə -bulağın açılışı oldu.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova şəhidin ruhunu yaşadacaq yeni ziyarət yerinin, abidə -bulağın açılışı mərasiminə giriş sözü dedi. Təhsil veteranı Fərman Bəşirov, C.Rüstəmovun döyüş yolunu izləyib mətbuatda əks etdirən Rəna Mirzəliyeva, qardaşı Firidun Rüstəmov,  məzunu olduğu 3 saylı tam orta məktəbin şagirdləri çıxış etdilər.
Oğul həsrətindən xəstə düşmüş Ana-Səriyyə Rüstəmova onun üçün ziyarət yeri  yaradan Allah adamlarına, dövlət adamlarına, mərhəmətli, qayğıkeş insanlara minnətdarlığını bildirdi.
Millət Vəkili Novruz Aslanov anaya, şəhidin ruhuna ən səmimi sözlərini söylədi. Xatirə bulağını tikənlərə minnətdarlığını bildirdi. İsmayıllıda gedən tikinti, quruculuq, abadlıq işlərini təqdir etdi.
Rayon İcra Hakimiyyətinin başçısı, yaxşı, xeyirxah, mərhəmətli əməllərin layihə müəllifi, Mirdaməd Sadıqov çıxış edərək şəhidə rəhmət dilədi, Anaya təskinlik verdi. Bildirdi ki, İsmayıllı bundan sonra cənab Prezidentin qayğısından daha çox xeyir tapacaq. Kimsənin xidməti yaddan çıxmayacaq.
Sonra abidə-bulağın üstündən örtük götürüldü. Çöhrəsindən  qəhrəmanlıq yağan şəhidin ruhu alqışlandı. Din xadimləri dualar oxudular. Abidə-bulaq tər çiçəklərə qərq oldu. Şəhidin  anasının  və qardaşının  xahişi ilə iştirakçılar ehsan süfrəsinə dəvət olundular.
Daha bir şəhidin itkinliyinə son qoyuldu.

Keçidlər