Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda qanunsuz çəpərlərin söküntüsü genişlənir

10 iyun 2020 | 16:00

İsmayıllıda qanunsuz zəbt olunmuş örüş sahələrində çəpərlərin söküntüsü aksiyasına Tircan, Qarakolluq, Uştalqışlaq, Gəraybəyli və digər kəndlər də qoşulub. İşlər yerli bələdiyyə əməkdaşları və sakinlərin iştirakı ilə həyata keçirilir.

Tircanda zəbt edilmiş örüş sahəsi 5 hektardır. Müdridə bu rәqәm 2, Uştalqışlaqda 7, Gəraybəylidə 65 hektar, Mingədə 50, Mollaisaqlıda 55, Qarakolluqda isə 60 sotdur. Hazırda həmin sahələr çəpərlərdən azad olunur.

Xatırladaq ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu 7-ci maddəsinə əsasən örüş sahələri, kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Torpaq məcəlləsinin 16-cı maddəsi, həmçinin “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarına görə, örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə müddətsiz ayrılıb. Bələdiyyənin ehtiyat torpaq fondunda olan örüş və biçənək sahələrinin müəyyən qismi isə qanunvericiliyə uyğun qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.

Torpaqlardan təyinatı üzrə istifadə edilməzsə inzibati xətalar məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulduğu kimi, fiziki şəxslər 500, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilə bilər.

Cinayət məcəlləsinin 188-ci maddəsinə görə, ümumi istifadəyə verilmiş torpaq özbaşına hasarlanarsa 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vəzifəli şəxslər tərəfindən icarə və ya mülkiyyətə verilərsə həmin insanlar 314-cü maddəyə əsasən 3 ildən 8 ilədək həbs olunur, 3 ilədək müddətə müəyyən vəzifə və ya fəaliyyət hüququndan məhrum edilir.

Keçidlər