İsmayıllıda karantin rejiminin yumşalmasını düzgün dərk etməyənlərə xəbərdarlıq edilir
İsmayıllıda koronavirusla əlaqədar ictimai məsuliyyət monitorinq olunur. Ticarət, xidmət və ictimai-iaşə obyektləri, o cümlədən topdan və pərakəndə satış obyektləri, bazar, mağaza, market və nəqliyyatda insanlarla söhbətlər aparılır, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr aşılanır. Təbliğat-izahat aksiyası icra nümayəndəlikləri və bələdiyyələrin vəzifəli əməkdaşları, həmçinin polislərdən ibarət mobil qruplar tərəfindən rayonun bütün yaşayış məntəqələrində həyata keçirilir.
Tibbi maskadan istifadə və sosial məsafə saxlamağın vacibliyi təkrar izah edilir. Küçələrdə antisanitariya mənbələrindən sayılan ərzaq satışının qarşısı alınır, obyekt sahiblərinə ciddi xəbərdarlıq olunur. Dəfn mərasimləri istisna olmaqla yas məclislərinin keçirilməsinin qadağan edildiyi diqqətə çatdırılır.
Xatırladaq ki, aprelin 27-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə karantin rejiminə aid məhdudiyyətlərin bir qismi mərhələli şəkildə yumşaldılıb. Bundan sonra vətəndaşların böyük bir hissəsinin karantin rejimi ilə əlaqədar tələb və təcrid tövsiyələrinə riayət etməməsi müşahidə olunub. Nəticə etibarilə ölkədə “COVID-19” infeksiyasına yoluxanların sayı kəskin artıb. Bu cür reallıq İmayıllıda da ciddi narahatlıqla yaşanıb.
Odur ki, İsmayıllı Rayon İcra Hakimiyyəti pandemiyaya qarşı mübarizə tədbirlərini Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında daha da gücləndirir. Sözügedən monitorinqin mütəmadi aparılması nəzərdə tutulur. Tələblərin pozulması hallarına yol verən qurum və cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüləcəkdir.