İsmayıllıda imtahanlar karantin qaydalarına uyğun keçirilib
İsmayıllıda 710 şagird buraxılış imtahanlarında iştirak edib. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlarda 9 və 11-ci sinifləri bitirən məktəblilərin bilikləri yoxlanılıb. Dörd mərkəzdə 1,2 və 5 nömrəli şəhər tam orta məktəblərdə həmçinin, şəhər 3 saylı məktəb-liseydə baş tutmuş imtahanlara 79 nəzarətçi müəllim, o cümlədən 4 imtahan rəhbəri cəlb olunub.
İmtahanlardan öncə koronavirusa qarşı mübarizə tədbirlərinə uyğun zəruri profilaktik tədbirlər görülüb, bina və zallarda dezinfeksiya işləri aparılıb. Binaya daxil olan şagirdlərin elektron termometrlə məsafədən hərarətləri yoxlanılıb. İştirakçılar tibbi maskadan istifadə ediblər. Onların otaqlardakı sayı sosial məsafə prinsiplərinə uyğun tənzimlənib. İnzibati heyət də müvafiq qoruyucu tibbi vasitələrlə təmin olunub.
İsmayıllı Şəhər İcra Nümayəndəliyinin əməkdaşlarından ibarət operativ qruplar imtahan mərkəzlərinin ətrafında monitorinq aparıb. Şagirdlərin valideyinlərinə “COVID-19”la mübarizəyə dair qaydalar izah edilib.
Mərkəzlərin hər biri təcili tibbi yardım, yanğınsöndürən maşın və mühafizə polisi ilə təmin edilib.