İsmayıllıda koronavirusla əlaqədar reydlәr davam edir
İsmayıllıda koronavirusla əlaqədar daha bir reyd keçirilib, ictimai məsuliyyət yenidən monitorinq olunub. Sahibkarlara məxsus obyektlərdə və nəqliyyatda insanlarla söhbətlər aparılıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr aşılanıb. Təbliğat-izahat aksiyası rayonun icra hakimiyyəti, gigiyena epidemiologiya mərkəzi, təsərrüfat hesablı profilaktik dezinfeksiya və polis şöbələri, İsmayıllı şəhərinin icra nümayəndəliyi, bələdiyyəsi, Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib.
Küçələrdə antisanitariya mənbələrindən sayılan ərzaq satışının qarşısı alınıb. Dəfn mərasimləri istisna olmaqla yas məclislərinin keçirilməsinin qadağan edildiyi diqqətə çatdırılıb.
Xatırladaq ki, aprelin 27-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə karantin rejiminə aid məhdudiyyətlərin bir qismi mərhələli şəkildə yumşaldılıb. Bundan sonra vətəndaşların böyük bir hissəsinin karantin rejimi ilə əlaqədar tələb və təcrid tövsiyələrinə riayət etməməsi müşahidə olunub. Nəticə etibarilə ölkədə “COVID-19” infeksiyasına yoluxanların sayı kəskin artıb. Bu cür reallıq İsmayıllıda da ciddi narahatlıqla yaşanıb.
Odur ki, rayon icra hakimiyyəti pandemiyaya qarşı mübarizə tədbirlərini Operativ Qərargahın müəyyən etdiyi qaydalar əsasında daha da gücləndirib. Tələblərin pozulması hallarına yol verən qurum və cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.