Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq

15 iyul 2020 | 16:00

Prezident İlham Əliyev iyulun 13-də Təhlükəsizlik  Şurasının onlayn iclasını keçirib. İclas Ermənistanın Tovuz rayonunda yaratdığı təxribatla bağlı olub. Silahlı Qüvvələrin Baş Komandanı, dövlətimizin başçısı çıxış edərək qeyd edib ki, birinci dəfə deyil ki, dövlət sərhəddində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Onların törətdiyi bu növbəti təxribat nəticəsində bir neçə hərbçimiz həlak olub, dövlət sərhəddinin pozulmasına cəhd edilib. Lakin düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, ermənilərə adekvat cavab verilib. Ermənistan silahlı birləşmələri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər.

Prezident bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin daşıdığını, düşmən ölkə rəhbərliyinin ziyankar fəaliyyətini diqqətə çatdırıb. Dövlət başçımız söyləyib ki, bu çirkin və məkirli siyasət Ermənistanı uçuruma aparır. Azərbaycan öz  sərhədlərini qorumaq, işğal altında olan torpaqlarını azad etmək iqtidarındadır. Düşmənə endirilmiş zərbələr bir daha bunu təsdiq edir. Ali Baş Komandan bildirib ki, belə çirkin əməllərə əl atmaq ermənilərin təcavüzkar siyasətinin təzahürüdür. Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

Ermənistan dövləti həmişə olduğu kimi beynəlxalq təşkilatların ikili mövqeyindən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü pozmağa çalışıb. Son hadisələrdə də,  ATƏT-in Minsk qrupu həmsədr ölkələri, Avropa şurası və digər beynəlxalq təşkilatlar tərəfindən düşmənin təxribatına kəskin münasibət bildirilmədi.

Daim Azərbaycanın yanında olduğunu bildirən qardaş Türkiyə Ermənistan tərəfinin təxribatını sərt pisləyərək bəyanat verib. Bundan əlavə bir çox dost ölkələr ərazi bütövlüyümüzü dəstəkləyən bəyanatlarla çıxış edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində bildirib ki, Azərbaycan danışıqlar aparmaq xatirinə danışıq aparmaycaqdır. Həmçinin qeyd edib ki, danışıqların nəticəsi olaraq işğal olunmuş ərazilərimizi geri qaytarmalı, əks halda geniş miqyaslı hərbi əməliyyatların olması qaçılmazdır.

Məlumdur ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribat törədərək Tovuz rayonu istiqamətində ərazilərimizi artileriya atəşinə tutub. Silahlı Qüvvələrimizin keçirdiyi əks tədbirlər nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası zərərsizləşdirilib.

Beynəlxalq təşkilatların çağrışına baxmayaraq düşmən dövləti ölkəmizə qarşı öz mənfur, işğalçı niyyətlərindən əl çəkmir.
Dünya ictimaiyyətinin COVID-19 pandemiyası dövrü bütün münaqişələrin dayandırılması çağrışına məhəl qoymayaraq tez-tez Azərbaycan sərhəddində təxribatlar törədir.

Keçidlər