Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib
15.07.2020-ci il tarixdə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclas 2020-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. Dövlət başçımız toplantıda bir çox məsələlərə toxunub. Əsas məsələlərdən biri kimi iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən ərazi bütövlüyümüzə qarşı təxribatı olub. Cənab Prezident qeyd edib ki, Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir, halbuki bu, heç bir məntiqə sığmır. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunubdur. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı bir hərbi planımız yoxdur və prinsip etibarilə hərbi məqsədlər nöqteyi-nəzərdən bunun heç bir əhəmiyyəti yoxdur. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır.
Dövlət başçısı bildirib ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir. Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır. Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər.
Çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, yardım istəmiş, hay-haray qaldırmışdı ki, qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər.
Bu günlərdə Azərbaycan da tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanı dəstəkləyən açıqlama verib
İlham Əliyev qeyd edib ki, hər zaman sülh və konstruktivlik tərəfdarı olan Azərbaycan faşizmlə mübarizədə tarix yazdığı halda mənfur qonşumuz Ermənistan regionda təxribatlarla məşğul olur. Bu kimi çirkin əməlləri ilə Ermənistan dövləti ölkəsində yaranan problemləri gündəmdən çıxarmağa çalışır. Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir.
Müzəffər ordumuz öz düşmənini yaxşı tanıdığı üçün həmişə onun həmlələrinə layiqli cavabı hər an verə bilib. Hərb tariximizə qızıl hərflərlə yazılmış “Aprel döyüşləri” kimi dördgünlük müharibədə cəsur ordumuz mənfur düşmənin təxribatlarına şücaətlə cavab verib. Həmin döyüşlərdə rəşadətini göstərmiş general-mayor Polad Həşimov 2020-cil il iyulun 13-dən, 14-nə keçən gecə düşmənin təxribatı nəticəsində şəhid olub. General P.Həşimov və polkovnik İlqar Mirzəyevin dəfni ölkə Prezidentinin nəzarətində olub.Cənab İlham Əliyev şəhidin ailə üzvləri ilə telefon əlaqəsi saxlayıb və onlara başsağlığını bildirib.